İnqilab Keşikçilərindən ABŞ və İsraillə bağlı açıqlama
İran İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı yeni bəyanat yayıb.
Bəyanatda Vaşinqton və Təl-Əvivin müharibə çərçivəsində qarşıya qoyduğu planların uğursuzluğa düçar olduğu bildirib.
İnqilab Keşikçiləri eyni zamanda son hadisələrin Qərb ölkələri və onların müttəfiqləri arasında yeni fikir ayrılıqlarını üzə çıxardığını bildirib. Qurumun mövqeyinə görə, baş verənlər Qərbin beynəlxalq səviyyədə təsir imkanlarının zəifləməsini də göstərir.
“Xalqla hakimiyyət arasında uçurum yaratmaq istəyirdilər”
İnqilab Keşikçilərinin açıqlamasında ABŞ və İsrailin əsas məqsədlərindən birinin İran daxilində ictimai-siyasi sabitliyə təsir göstərmək olduğu irəli sürülüb.
Bəyanatda qarşı tərəfin informasiya vasitələrindən istifadə edərək hadisələrin mahiyyətini təhrif etməyə və İran xalqı ilə dövlət arasında fikir ayrılığı yaratmağa çalışdığı qeyd olunub.
Qurum bu planların qarşısının alındığını və İran daxilində nəzərdə tutulan nəticələrin əldə edilmədiyini bildirib.
Xarici medianın mövqeyinə diqqət çəkilib
İnqilab Keşikçiləri xarici informasiya vasitələrində ABŞ Prezidenti Donald Trampın siyasətinin uğursuzluğu ilə bağlı səsləndirilən fikirlərə də toxunub.
Qurum bunu İranın informasiya sahəsində həyata keçirdiyi fəaliyyətin nəticəsi kimi qiymətləndirib və xarici təbliğata qarşı mübarizənin davam etdiriləcəyini bildirib.
Möhsün Rzayi: Quru hücumu planının qarşısı alındı
İran rəhbərliyinin müşaviri, general-mayor Möhsün Rzayi də ABŞ-nin İrana qarşı quru əməliyyatı həyata keçirməyi planlaşdırdığını, lakin bu planın uğursuzluğa düçar olduğunu bildirib.
Rzayinin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığının rəhbərliyinin vəziyyəti düzgün qiymətləndirməməsi nəzərdə tutulan əməliyyatın həyata keçirilməsinə mane olub.
O bildirib ki, İranın cənubunda yerləşən Hörmüzqan vilayətində körpülərin hədəfə alınması da bu planın tərkib hissəsi olub.
Hörmüzqan hücumlarının məqsədi açıqlanıb
Rzayinin sözlərinə görə, Hörmüzqana endirilən zərbələrin məqsədi İranın sahilyanı əraziləri ilə ölkənin daxili bölgələri arasında nəqliyyat və təchizat əlaqələrini zəiflətmək olub.
İran rəsmisi bu addımların mümkün quru əməliyyatına hazırlıq xarakteri daşıdığını irəli sürüb.
İran ordusu döyüş hazırlığını artırır
İran ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəminiya isə silahlı qüvvələrin əməliyyat hazırlığının gücləndirilməsi istiqamətində fəaliyyətin davam etdiyini bildirib.
Onun sözlərinə görə, əvvəlki zərbələr nəticəsində zədələnmiş hərbi sistemlərin bərpası aparılır, eyni zamanda bölmələrə yeni texnika və avadanlıqlar verilir.
Əkrəminiya qeyd edib ki, yeni vasitələrin istifadəyə verilməsi ordunun hərbi imkanlarının mövcud şəraitin tələblərinə uyğun şəkildə yenidən təşkilinə imkan yaradıb.
Tehran müharibənin nəticələrini qiymətləndirir
İran tərəfinin məlumatına görə, ABŞ və İsrail 28 fevral 2026-cı ildə İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Tehran həmin hücumlarda mülki və enerji infrastrukturunun da hədəfə alındığını bildirir.
İran isə cavab olaraq ABŞ-nin regiondakı hərbi bazalarına və strateji obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
İnqilab Keşikçilərinin son bəyanatı göstərir ki, Tehran baş verən qarşıdurmanı təkcə hərbi deyil, siyasi və informasiya müstəvisində də qiymətləndirir.

