Sepahın Ələ Keçirdiyi Tanker İran Yükü Daşıyırmış

2 Dəq Oxuma Müddəti

Tankerdə daşınan petrokimya məhsulları İrana aid idi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) tərəfindən Fars körfəzində ələ keçirilən və İran sularına yönəldilən xarici tankerlə bağlı yeni məlumatlar yayılıb. Fars xəbər agentliyinin şənbə günü istinad etdiyi mənbələr bildirir ki, “Talara” adlı tankerdə daşınan petrokimya məhsulları əslində İran mənşəli olub və yük qanunsuz şəkildə ölkədən çıxarılmağa cəhd edilib.

Agentliyin məlumatına görə, tankerin saxlanılması hər hansı xarici dövlətə qarşı yönəlməyib. Əməliyyatın məqsədi İranın milli maraqlarını qorumaq və ölkəyə məxsus yükün bərpası olub.

Sepah: “Əməliyyat məhkəmə qərarı ilə icra edilib”

Hadisədən bir neçə saat öncə Sepah rəsmi açıqlama yayaraq tankerin İranın ərazi sularından kənarda saxlandığını və “icazəsiz daşınan yük” səbəbilə müsadirə olunduğunu bildirmişdi. Məlumatda 30 min ton petrokimya məhsulu daşıyan gəminin araşdırmalar aparılması üçün İran limanına müşayiət edildiyi qeyd olunub.

Sepah bəyan edib ki, əməliyyat “qanuni öhdəliklər çərçivəsində və İranın milli maraqlarını qorumaq məqsədilə” həyata keçirilib.

Reuters: Tanker Kiprdə qeydiyyatdan keçib

Reuters-in şənbə günü dərc etdiyi məlumatda “Talara” tankerinin Kiprdə qeydiyyatda olan “Pasha Finance” şirkətinə məxsus olduğu, idarəçiliyinin isə “Columbia Shipmanagement” tərəfindən həyata keçirildiyi bildirilib.

Xəbərə görə, gəminin Birləşmiş Ərəb Əmirliklərinin Şərica limanından yola çıxaraq Hind okeanı üzərindən Sinqapura hərəkət etdiyi vaxtda, yüksək kükürdlü mazut daşıdığı müəyyən edilib. Cümə günü səhər saatlarında gəmiylə əlaqə 20 dəniz mili məsafədə — BƏƏ-nin Xor Fəkkən sahilləri yaxınlığında — kəsilib.

Əməliyyatın məqsədi “İranın itirilmiş əmlakının bərpası” kimi təqdim olunur

İran mediası hadisəni ölkənin iqtisadi və milli təhlükəsizlik maraqlarının qorunması baxımından zəruri addım kimi dəyərləndirir. Fars agentliyi bildirir ki, “Talara” tankeri ilə bağlı tədbir hər hansı beynəlxalq gərginlik yaratmaq məqsədi daşımır, yalnız “İranın itirilmiş malının qaytarılması”na xidmət edir.

Hadisə, bölgədə enerji daşımaları ilə bağlı həssaslığın yüksək olduğu bir vaxtda baş verib və diqqətlərin yenidən Fars körfəzi sularında təhlükəsizlik məsələlərinə yönəlməsinə səbəb olub.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş