FTX: Britaniya və Ukrayna “TürkAxını”na hücum planlaşdırır
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) bildirib ki, Britaniya və Ukrayna kəşfiyyat qurumları “TürkAxını” qaz boru kəmərinə qarşı diversiya əməliyyatı hazırlayır. Qurumun açıqlamasına görə, planlaşdırılan əməliyyatda Böyük Britaniyanın xüsusi təyinatlı qüvvələri və xarici kəşfiyyat xidməti MI6 birbaşa iştirak edir.
FTX-in məlumatına əsasən, Britaniyanın xüsusi təyinatlı qüvvələrində xidmət edən təlimatçılar, həmçinin MI6 əməkdaşları Xəzər Dənizi Boru Kəməri Konsorsiumuna (CPC) qarşı pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməyi planlaşdırıblar.
“MI6 Rusiya infrastrukturlarına hücumları idarə edir”
Rusiya tərəfi iddia edir ki, son aylarda ölkənin enerji və nəqliyyat infrastrukturuna edilən hücumların arxasında da Britaniya kəşfiyyatı dayanır. FTX-in məlumatında vurğulanır ki, MI6 Ukrayna ərazisində fəaliyyət göstərən diversiya qruplarını koordinasiya edir və bu qruplar həm hava, həm də dəniz tipli pilotsuz aparatlarla hücumlar həyata keçirir.
“Hörümçək Şəbəkəsi” əməliyyatı
Rusiya xüsusi xidmət orqanı əlavə edib ki, Britaniya ilə Ukrayna arasında koordinasiyalı şəkildə həyata keçirilən bu plan “Hörümçək Şəbəkəsi” (Spider Web) adlanır. FTX-in bildirdiyinə görə, bu əməliyyat Ukrayna və Rusiya arasında keçiriləcək növbəti danışıqlardan öncə planlaşdırılıb.
FTX həmçinin qeyd edib ki, Britaniya xüsusi təyinatlı bölmələrinin nümayəndələri bu əməliyyatlara birbaşa şəkildə cəlb olunublar. Rusiya tərəfi hesab edir ki, məqsəd Qara dəniz və Xəzər regionunda enerji marşrutlarına zərbə vurmaq və Moskvanın enerji ixrac potensialını zəiflətməkdir.
“Kölgə Donanması”na qarşı təxribat planı
Xatırladaq ki, iki ay əvvəl Rusiya Xarici Kəşfiyyat Xidməti də oxşar açıqlama vermişdi. Həmin açıqlamada Britaniya kəşfiyyatının Rusiya neft tankerlərindən ibarət “Kölgə Donanması”na qarşı “böyük diversiya əməliyyatı” planlaşdırdığı bildirilmişdi. Məlumata görə, bu əməliyyat nəticəsində yaranacaq zərərlər Qərb ölkələrinə “Rusiya neftinin daşınmasının qlobal təhlükə yaratdığı” barədə bəyanatlar verməyə imkan yaradacaq.
Rusiya rəsmiləri bildiriblər ki, bu planlar Qərbin enerji bazarında Moskvanın mövqelərini zəiflətmək cəhdinin bir hissəsidir.