Netanyahu ilə bağlı diqqətçəkən iddia
Sionist rejimin “Maariv” qəzeti Baş nazir Benyamin Netanyahunun 2014-cü ildə Qəzza zolağında keçirilən hərbi əməliyyatların gedişində HƏMAS-ın yüksək vəzifəli nümayəndəsi Qazi Həmədlə İsrailin təhlükəsizlik və hərbi qurumlarından xəbərsiz şəkildə birbaşa əlaqə yaratdığını iddia edib.
Qəzetin məlumatına görə, əlaqənin qurulmasında Netanyahuya yaxınlığı ilə tanınan iş adamı Şlomi Fogel vasitəçilik edib. Hadisənin 2014-cü ildə İsrailin Qəzza zolağında həyata keçirdiyi “Sarsılmaz Qaya” əməliyyatının ən gərgin mərhələsində baş verdiyi bildirilir.
Nəşr bu addımın İsrailin həmin dövrə qədər HƏMAS-la danışıqlarda tətbiq etdiyi mexanizmdən ciddi şəkildə fərqləndiyini vurğulayıb.
Danışıqlar vasitəçisiz aparılıb
Məlumata əsasən, İsrailin HƏMAS-la əvvəlki danışıqları əsasən Misir, Qətər və ya digər üçüncü tərəflərin vasitəçiliyi ilə həyata keçirilirdi. Lakin 2014-cü ildə yaradıldığı iddia edilən bu gizli kanal vasitəsiz olub.
“Maariv” daha əvvəl Netanyahu ilə HƏMAS-ın Qəzzadakı keçmiş rəhbəri Yəhya Sinvar arasında aparılan danışıqları da xatırladıb. Həmin təmaslarda Sinvarın İsrailin milli təhlükəsizlik üzrə müşaviri Meir Ben-Şabbata “hesablanmış risk et” məzmunlu mesaj göndərdiyi bildirilir. Lakin həmin əlaqələrin belə Misirin vasitəçiliyi ilə həyata keçirildiyi qeyd olunur.
2014-cü ildəki hadisədə isə vəziyyətin fərqli olduğu iddia edilir. Qəzetin yazdığına görə, Netanyahu tərəfindən göndərilən iş adamı Qəzza zolağında olan Qazi Həmədlə birbaşa telefon danışıqları aparıb.
Gizli danışıqlar həftələrlə davam edib
Məlumata görə, telefon danışıqları bir neçə həftə davam edib. İddia olunur ki, Netanyahu danışıqların istiqamətini müəyyənləşdirib, o dövrdə İsrail Milli Təhlükəsizlik Şurasına rəhbərlik edən Yossi Kohen mesajların mətnini hazırlayıb, Şlomi Fogel isə onları Qazi Həmədə çatdıraraq danışıqları aparıb.
Bu təmasların 2014-cü ilin iyul və avqust aylarında, Qəzzada genişmiqyaslı hərbi əməliyyatların davam etdiyi dövrdə həyata keçirildiyi bildirilir.
“Maariv”in məlumatına görə, Netanyahu əməliyyatın ilk günlərindən atəşkəsə nail olmağa çalışıb. Bu məqsədlə Misirə yüksək vəzifəli təhlükəsizlik rəsmilərindən ibarət nümayəndə heyəti də göndərilib.
Heyət Misirin vasitəçiliyi ilə HƏMAS və Qəzza zolağındakı digər silahlı qrupların nümayəndələri ilə atəşkəs danışıqları aparıb. Lakin danışıqlarda uzun müddət ciddi irəliləyiş əldə edilməyib.
Təhlükəsizlik rəhbərliyi gizli kanaldan sonradan xəbər tutub
Qəzetin iddiasına görə, İsrailin təhlükəsizlik və hərbi rəhbərliyi müəyyən mərhələdə Qahirəyə gedib-gələn rəsmi nümayəndə heyətindən tamamilə ayrı, gizli danışıqlar kanalının fəaliyyət göstərdiyini aşkarlayıb.
Bu kanalın birbaşa Baş nazir tərəfindən idarə edildiyi və danışıqların vasitəçi olmadan HƏMAS nümayəndəsi ilə aparıldığı bildirilib.
Məlumata əsasən, həmin vaxt Qəzzadakı HƏMAS hökumətində nazir müavini vəzifəsini daşıyan Qazi Həmədlə əlaqələri Şlomi Fogel həyata keçirib.
Netanyahu əvvəlcə iddiaları rədd edib
“Maariv” yazır ki, təhlükəsizlik və hərbi qurumların yüksək vəzifəli şəxsləri məsələni öyrəndikdən sonra Netanyahu ilə üzləşərək ondan izahat istəyiblər. İddiaya görə, Netanyahu əvvəlcə belə bir əlaqənin mövcudluğunu inkar edib və rəsmilərə Fogeli çağıraraq danışıqları dayandırmasını tələb etməyi tapşırıb.
Lakin sonradan aparılan araşdırma zamanı Fogelin bu təmasları icazə və səlahiyyət əsasında həyata keçirdiyinin ortaya çıxdığı iddia edilir.
Qəzetin məlumatına görə, Fogelə əvvəlcə əlaqələri dayandırması barədə xəbərdarlıq edilib. O, danışıqları davam etdirdikdən sonra isə fəaliyyətinin Netanyahu tərəfindən təsdiqləndiyi və Yossi Kohenin də mesajların hazırlanmasında iştirak etdiyi məlum olub.
İşğalçı İsrailin təhlükəsizlik rəhbərləri “şoka düşüb”
Nəşrin danışdığı keçmiş təhlükəsizlik rəsmilərindən biri hadisənin həmin dövrdə qurum rəhbərləri arasında ciddi sarsıntı yaratdığını bildirib.
Onun sözlərinə görə, Netanyahu təhlükəsizlik rəhbərlərini özü vəzifəyə təyin etmiş, daha sonra onları Qahirədə atəşkəs danışıqları aparmağa göndərmişdi. Buna paralel olaraq isə onların məlumatı olmadan HƏMAS-la ayrıca və birbaşa danışıqlar kanalının işlədildiyi iddia olunur.
Keçmiş rəsmi 2014-cü ildə baş verənləri sonrakı illərdə Netanyahu ilə İsrailin təhlükəsizlik və hərbi qurumları arasında yaranan ciddi fikir ayrılıqlarının ilkin əlamətlərindən biri kimi qiymətləndirib.
