Lüksemburqdan Fələstin dövlətini tanımaq addımı
Lüksemburq hökuməti Fələstin dövlətini tanımağa hazırlaşdığını bəyan edib. Baş nazir Luk Friden və xarici işlər naziri Ksavyer Bettel parlamentdə çıxış edərək, iki dövlətli həll prinsipinə əsaslanaraq bu addımı atmaq niyyətində olduqlarını açıqlayıblar.
Məlumatlara görə, tanıma qərarının Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT Baş Assambleyası zamanı elan olunması planlaşdırılır. Hazırda Lüksemburq diplomatik koordinasiya və qərarın vaxtının dəqiqləşdirilməsi üzərində çalışır.
Ortak bəyanat: “Səssiz qalmayacağıq”
Lüksemburq, İslandiya, İrlandiya, Norveç, İspaniya, Sloveniya və Malta ilə birlikdə yayımladığı ortaq bəyanatda İsrail hökumətini siyasətini dəyişməyə çağırıb.
Bəyanatda qeyd olunub:
“Gözlərimizin önündə insan əlilə yaradılmış humanitar fəlakət baş verir. Qəzzədə 50 mindən çox insan həlak olub, yaxın günlərdə aclıqdan daha çox insan ölə bilər. Biz səssiz qalmayacağıq”.
Humanitar yardıma maneələr aradan qaldırılmalıdır
Açıqlamada beynəlxalq humanitar yardım təşkilatlarının Qəzzə zolağında sürətli və maneəsiz fəaliyyətinə icazə verilməsinin vacibliyi vurğulanıb. Tərəflərə atəşkəsin elan olunması və əsirlərin azad edilməsi üçün dərhal danışıqlara başlamaq çağırışı edilib. Bu prosesdə ABŞ, Misir və Qətərin roluna diqqət çəkilib.
“İki dövlətli həll yeganə yoldur”
Lüksemburq rəsmiləri bildiriblər ki, davamlı sülh yalnız iki dövlətli həll çərçivəsində mümkündür. Ölkə, Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməyə davam edəcəyini, BMT, Ərəb Liqası və İslam ölkələri ilə əməkdaşlıqda dayanıqlı həll üçün çalışacağını bəyan edib.
Qərb Şəriyadakı zorakılıq qınandı
Bəyanatda Qərb Şəriyasında gərginliyin artması, qanunsuz məskunlaşmaların genişlənməsi və israilli mühacirlərin zorakılıq hallarının çoxalması kəskin şəkildə qınanıb. “Fələstin xalqının zorla köçürülməsi və ya sürgün edilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”, – deyə vurğulanıb.