İran müharibəsinin uzanması, enerji xərclərinin artması və “yeni, uzunmüddətli Yaxın Şərq müharibəsi” narahatlığının güclənməsi Trampın 2024-cü ildə formalaşdırdığı geniş koalisiya üzərində aşındırıcı təsirlər yaratmağa başlayıb. Daha önəmlisi isə İrana qarşı müharibənin Vaşinqtonda uzun müddətdir davam edən iki meyl arasındakı strateji mübarizə baxımından daşıdığı mənadır.
İKİ STRATEJİ XƏTT
Amerika siyasətini Respublikaçılarla Demokratlar arasındakı rəqabət üzərindən qiymətləndirmək geniş yayılmış yanlış yanaşmadır. Halbuki Vaşinqtondakı mübarizə iki partiya arasında deyil, Amerika hakim sinfi daxilindəki fərqli strateji xətlər arasında gedir. Respublikaçılarla Demokratlar arasındakı rəqabəti mərkəzə qoymaq hadisələrin arxa planını izah etməyə deyil, əksinə onu pərdələməyə xidmət edir.
Amerika hakim sinfi daxilində uzun müddətdir iki əsas strateji xətt mübarizə aparır. Birinci xətt Soyuq müharibədən sonra qurulan ABŞ mərkəzli qlobal nizamın qorunub saxlanılmasını hədəfləyir. Bu çevrələr ABŞ-ın hərbi üstünlüyünün, NATO ittifaqının, qlobal dollar sisteminin və Vaşinqtonun dünya miqyasında siyasi müdaxilə imkanlarının qorunmasını strateji zərurət hesab edirlər. Bu xəttin arxasında müdafiə sənayesi və onunla getdikcə daha çox inteqrasiya olunan iri texnologiya şirkətləri, qlobal maliyyə dairələrinin mühüm hissəsi, Atlantik təhlükəsizlik bürokratiyası və ənənəvi xarici siyasət institutları dayanır.
İkinci xətt isə hesab edir ki, qlobal müdaxiləçilik artıq ABŞ-ın gücünü artırmır, əksinə onu tükəndirir. Bu yanaşma Amerika sənayesinin yenidən qurulmasını, istehsalın ölkəyə qaytarılmasını, büdcə vəsaitlərinin xarici müharibələrdən daxili iqtisadiyyata yönəldilməsini və əsas diqqətin Çinlə uzunmüddətli rəqabətə verilməsini müdafiə edir. Trampın hakimiyyətə gəlişi bu xəttin siyasi ifadəsinə çevrildi. Lakin unutmaq olmaz ki, Tramp administrasiyası da vahid quruluş deyil, xarici siyasətdə fərqli prioritetlərə malik qrupları özündə birləşdirən koalisiyadır.
RUSİYA, ÇİN VƏ TÜRKİYƏ SİYASƏTİNDƏKİ FƏRQLƏR
Bu strateji ayrışma Rusiya, Çin və Türkiyə ilə bağlı siyasətdə də özünü göstərir. Atlantikçilər Moskvanın uzunmüddətli hərbi və iqtisadi təzyiq altında saxlanılmasını, Avropanın təhlükəsizlik sisteminin Rusiyanı mühasirəyə alma prinsipi əsasında yenidən qurulmasını müdafiə edirlər. Digər xətt isə Rusiyanı ABŞ-ın əsas rəqibi kimi deyil, əsas təhlükə hesab olunan Çinlə mübarizə kontekstində qiymətləndirir. Buna görə də onlar Rusiya ilə nəzarət olunan sabitliyin Vaşinqtonun resurslarını Asiya-Sakit okean bölgəsinə yönəltməsi baxımından daha faydalı ola biləcəyini düşünürlər.
Çin məsələsində isə iki meylin məqsədi fərqli deyil, fərq yalnız metodlardadır. Hər iki tərəf Çinin yüksəlişini ABŞ üçün əsas strateji təhlükə hesab edir. Lakin Atlantikçilər Çini Avropadan Asiya-Sakit okean bölgəsinədək uzanan geniş müttəfiqlik sistemi ilə mühasirəyə almağı hədəfləyirlər. İkinci xətt isə Qərbi Asiya və Avropadakı öhdəlikləri azaltmaqla ABŞ-ın iqtisadi, texnoloji və hərbi potensialını əsasən Çinə qarşı cəmləşdirməyi müdafiə edir.
Türkiyə ilə bağlı da oxşar ayrışma müşahidə olunur. Atlantikçilər Ankaranı ilk növbədə NATO daxilindəki mövqeyi və Qərb ittifaqına uyğunluğu baxımından qiymətləndirirlər. Digər xətt isə Türkiyəni Qara dəniz, Qafqaz, Şərqi Aralıq dənizi və Qərbi Asiyanın kəsişmə nöqtəsində yerləşən regional güc kimi dəyərləndirir. Türkiyə ilə fikir ayrılıqlarına baxmayaraq, qarşılıqlı maraqlara əsaslanan münasibətləri daha real seçim hesab edir və Türkiyənin ABŞ-ın yanında saxlanılmasının daha faydalı olacağını müdafiə edir.
İRAN MÜHARİBƏSİNİN YARATDIĞI QIRILMA
Tramp administrasiyası hakimiyyətə gəldikdə, ilk prezidentlik dövrü ilə müqayisədə daha güclü başlanğıc etdi. Administrasiyanın ilk addımları Ağ Ev ilə dövlət bürokratiyası arasındakı çatları böyük ölçüdə aradan qaldırmağa yönəlmişdi. Yüksək səviyyəli təhlükəsizlik qurumları yenidən təşkil olundu, qərarvermə prosesləri daha çox Ağ Evdə cəmləşdirildi. Lakin İran müharibəsi Tramp koalisiyasındakı qruplar arasında strateji prioritet fərqlərinə görə yeni gərginliklər yaratdı.
İranın hərbi potensialının zəiflədilməsini, İsrailə qeyd-şərtsiz dəstəyin davam etdirilməsini və Qərbi Asiyada ABŞ-ın çəkindiricilik siyasətinin qorunmasını müdafiə edən dairələrin qarşısında, Çinlə uzunmüddətli rəqabətin əsas təhlükə olduğunu və Qərbi Asiyada genişlənəcək hərbi münaqişənin ABŞ-ın strateji resurslarını tükətdiyini düşünən çevrələr dayanır.
ABŞ-ın İrana qarşı apardığı müharibənin gedişatı təkcə Trampın siyasi gələcəyini deyil, həm də Amerika hakim sinfi daxilindəki bu iki strateji xəttdən hansının müəyyən müddət ərzində Vaşinqtonun siyasətinə istiqamət verəcəyini müəyyən edəcək.

