İranın “Misilsiz” Raket Dalğası: 9 Ölü

2 Dəq Oxuma Müddəti

Yeddinci və səkkizinci raket dalğası

İran İslam İnqilabı Keşikçiləri Korpusu “Doğru Vəd 4” əməliyyatı çərçivəsində yeddinci və səkkizinci raket dalğasının başladığını açıqlayıb. İran dövlət televiziyası yeni buraxılışın pilotsuz uçuş aparatları ilə müşayiət olunduğunu bildirib.

Raketlər “Təl-Əviv”, Hayfa və Qüds istiqamətində atılıb. Sionist rejim mediası ölkənin mərkəzi hissəsində bir binanın, Qüds yaxınlığında isə başqa bir obyektin vurulduğunu təsdiqləyib.

Beyt-Şemeşdə itkilər

9 nəfər öldü

İsrail mənbələri Qüds yaxınlığındakı Beyt-Şemeş şəhərində raketin birbaşa sığınacağa düşdüyünü bildirib. Məlumata görə, 9 nəfər həlak olub, azı 20 nəfər yaralanıb. Bir neçə yaşayış binasının tamamilə dağıldığı qeyd edilir.

İsrailin “Kanal 12” telekanalı raketin sığınacağa birbaşa zərbə endirdiyini vurğulayıb.

“İstisna” həcm

İsrail mediası son raket dalğasını “həcm və say baxımından istisna” adlandırıb. Ölkə boyu – Akka şəhərindən Aşdodadək, Qəzza ətrafından Colan təpələrinədək – hava həyəcan siqnalları səslənib.

Hörmüz boğazında tanker insidenti

İran dövlət televiziyası Hörmüz boğazından “qanunsuz keçməyə cəhd edən” neft tankerinin vurularaq batdığını göstərən görüntülər yayımlayıb.

Reuters Böyük Britaniyanın dəniz təhlükəsizliyi qurumuna istinadən Oman sahilləri yaxınlığında insident qeydə alındığını bildirib. Məlumata görə, gəmi heyəti təxliyə edilib və xəsarət alan olmayıb.

Onlarla yük və neft tankeri Hörmüz boğazından kənarda gözləmə mövqeyində dayanıb.

Regiona yayılmış zərbələr

“France-Presse” agentliyi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın şərqində, eləcə də Dubay, Əbu-Dabi və Dohada partlayış səslərinin eşidildiyini yazıb.

Bəhreyndə ABŞ obyektlərinə qarşı yeni ballistik raket və PUA hücumlarının həyata keçirildiyi bildirilir. Manamada “Crown Plaza” hotelinin hədəf alındığı açıqlanıb.

İraqın Ərbil şəhərində yerləşən “Harir” bazası yaxınlığında da 4 partlayış səsinin eşidildiyi qeyd olunur. Böyük Britaniyanın müdafiə naziri isə Kipr istiqamətində iki raketin atıldığını açıqlayıb.

Gərginlik pik həddə

Hadisələr göstərir ki, qarşıdurma artıq yalnız İran və İsraillə məhdudlaşmır, regionun bir sıra ölkələrinə yayılma riski daşıyır. Dəniz nəqliyyatı və enerji təhlükəsizliyi də təhlükə altındadır.

Analitiklər genişmiqyaslı regional müharibə ehtimalının artdığını bildirirlər. Tərəflərdən əlavə rəsmi açıqlamaların verilməsi gözlənilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş