Şeyx Qasim ABŞ planını sərt tənqid etdi
Hizbullahın baş katibi Şeyx Nəim Qasim ABŞ-ın irəli sürdüyü birbaşa danışıqlar təşəbbüsünün Livanı zəiflətmək və daxildə qarşıdurma yaratmaq məqsədi daşıdığını bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun təqdim etdiyi çərçivə “Böyük İsrail” layihəsinə uyğun şəkildə Livanın təslim edilməsinə xidmət edir.
Şeyx Qasim vurğulayıb ki, müqavimətin silahsızlaşdırılmasını hər hansı razılaşmanın əsas şərti kimi təqdim etmək Livanın müdafiə gücünü məhv etmək deməkdir.
“Müqavimət davam edəcək”
Hizbullah lideri bildirib ki, sionist rejim işğalı və hücumları davam etdiyi müddətdə müqavimət də davam edəcək.
O qeyd edib:
- Livanın cənubuna qarşı hücumlar dayandırılmalıdır,
- Sionist rejim bütün Livan ərazilərindən geri çəkilməlidir,
- atəşkəs yalnız ümumi və tam şəkildə qəbul edilə bilər.
Şeyx Qasim sionist rejimin siyasi yolla müharibədə əldə edə bilmədiyini qazanmağa çalışdığını deyərək bunun mümkün olmayacağını vurğulayıb.
“Müstəmləkələr təhlükəsiz olmayacaq”
O bildirib ki, Livan kəndləri bombalanmağa davam etdikcə sionist rejimin yaşayış məntəqələri də təhlükəsizlik görməyəcək.
Şeyx Qasim əlavə edib ki, Hizbullah heç bir tərəfə sionist rjeim hücumlarına cavab verməyəcəyi ilə bağlı öhdəlik götürməyib.
“Birbaşa danışıqlar alçaldıcıdır”
Hizbullah lideri Livan rəsmilərini sionist rejim ilə aparılan birbaşa danışıqları dayandırmağa çağırıb.
O bu prosesi “alçaldıcı tamaşa” adlandıraraq bildirib ki, ölkə daxilində birlik yaradılmalı və bütün qərarlar Livanın suverenliyi çərçivəsində qəbul edilməlidir.
Şeyx Qasim vurğulayıb ki, əvvəlcə sionist rejim hücumlarına qarşı milli mövqe formalaşdırılmalı, daha sonra daxili məsələlər Konstitusiya və milli birlik prinsipləri əsasında müzakirə edilməlidir.
İranın roluna təşəkkür etdi
Çıxışında İranın Livanda ümumi atəşkəsin təmin olunması üçün göstərdiyi səylərə görə təşəkkür edən Şeyx Qasim bildirib ki, Tehran Livanın torpaqlarını qorumaq və sionist rejim-ABŞ təzyiqlərinə qarşı dayanmaq üçün dəstəyini davam etdirir.
O əlavə edib ki, İranın mövqeyi bölgədə müqavimət xəttinin güclənməsinə xidmət edir.
