İran İnqilab Keşikçilərindən sərt bəyanat
İran İnqilab Keşikçiləri Korpusu Livandakı son hadisələrlə bağlı yaydığı bəyanatda bölgədə sabitliyin yalnız sionist rejimin işğal etdiyi Livan torpaqlarından çıxması ilə mümkün olacağını açıqlayıb.
Bəyanatda vurğulanıb ki, İranın regional münaqişələrdə atəşkəsi qəbul etməsi üçün əsas şərt bütün cəbhələrdə, xüsusilə Livanda tam və ümumi atəşkəsin təmin edilməsidir.
“Sionist rejim hücumları dərhal dayandırmalıdır”
İnqilab Keşikçiləri bildirib ki, Livan hələ də sionist rejimin hücum və bombardmanlarına məruz qalır.
Açıqlamada qeyd olunub ki:
- Sionist rejimLivan xalqına qarşı hücumları dərhal dayandırmalıdır,
- işğal olunmuş Livan ərazilərindən beynəlxalq sərhədlərə qədər geri çəkilməlidir,
- Livanın ərazi bütövlüyünü tanımalıdır.
“ABŞ müdaxiləsi vəziyyəti daha da ağırlaşdırır”
Bəyanatda beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin etirazlarının sionist rejim rəhbərliyinə təsir etmədiyi bildirilib.
İnqilab Keşikçiləri ABŞ-ın “sülh” adı altında müdaxilələrinin bölgədə cinayətlərin və soyqırımı siyasətinin genişlənməsinə səbəb olduğunu vurğulayıb.
“Sionist rejim uğursuzluqlarını mülki əhalidən çıxır”
İran tərəfi bildirib ki, sionist rejim ordusu döyüş meydanındakı uğursuzluqlarını mülki əhalini hədəf almaqla kompensasiya etməyə çalışır.
Açıqlamada yaşayış evlərinin, xəstəxanaların və məktəblərin bombalanmasının bunun göstəricisi olduğu qeyd edilib.
İnqilab Keşikçiləri əlavə edib ki, sionist rejim ABŞ və Avropa dəstəyinə baxmayaraq tarix boyu işğal etdiyi ərazilərdə yaşayan xalqların etimadını qazana bilməyib.
“Livan tək qalmayacaq”
Bəyanatda bölgə xalqlarının Livanı tək buraxmayacağı vurğulanıb.
İran İnqilab Keşikçiləri bildirib ki, Livan xalqı sionist rejimin müharibə ilə əldə edə bilmədiyini ABŞ dəstəyi ilə siyasi razılaşmalar vasitəsilə qazanmasına imkan verməyəcək.
Sonda Livan xalqı “İslam ümmətinin qüruru və bölgə xalqlarının şərəf simvolu” adlandırılıb və onlara hər cür dəstəyin davam etdiriləcəyi qeyd olunub.
Şeyx Qasimdən də oxşar mesaj
Hizbullahın baş katibi Şeyx Nəim Qasim də bu gün açıqlamasında ABŞ-ın Livan-sionist rejim danışıqları planının “Böyük İsrail” layihəsinə xidmət etdiyini bildirib.
O, Livan rəsmilərini birbaşa danışıqları dayandırmağa çağıraraq bunu “alçaldıcı tamaşa” adlandırıb.
