Vatikan sülh təşəbbüsünü yenidən gündəmə gətirdi
Vatikanın rəhbəri Papa Lavr XIV Rusiya və Ukrayna arasında davam edən müharibənin dayandırılması məqsədilə Vatikanın sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bir daha bəyan edib. O, bu mövqeyini dünən axşam Roma yaxınlığındakı Qandolfo Sarayından çıxarkən verdiyi açıqlamada səsləndirib.
Papa bildirib ki, həmin gün səhər Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdə müharibə, atəşkəs ehtiyacı və mümkün diplomatik yollar müzakirə olunub. Onun sözlərinə görə, Vatikan daha əvvəl dəfələrlə dialoq təşəbbüsü irəli sürüb və danışıqlar üçün təhlükəsiz məkan təqdim etməyə hazırdır.
“Təklif hələ qəbul olunmayıb”
Papa Lavr XIV qeyd edib ki, Vatikanın dəfələrlə etdiyi bu təklif hələlik tərəflərdən heç biri tərəfindən qəbul edilməyib. Buna baxmayaraq, o, Müqəddəs Taxtın ədalətli və davamlı sülhün əldə edilməsi üçün çalışmağa qətiyyətli olduğunu vurğulayıb.
O bildirib ki, Vatikanın yeganə məqsədi humanitar fəsadları azaltmaq və siyasi dialoqu mümkün qədər tez bərpa etməkdir. Papa vurğulayıb ki, tərəflər arasında etimadın bərpası region və dünya üçün həyati əhəmiyyət daşıyır.
Avropanın rolu: “Birlik əsas şərtdir”
Açqlamasında Avropanın mövqeyinə də toxunan Papa Lavr XIV, qitənin siyasi birliyinin bu münaqişənin həllində həlledici önəm daşıdığını bildirib. Onun sözlərinə görə, Avropanın prosesi kənardan izləməsi mümkün deyil və sülh danışıqlarının real və davamlı ola bilməsi üçün Avropa ölkələrinin iştirakı zəruridir.
Papa qeyd edib: “Bu müharibə Avropanın özündə baş verir. Ona görə də sülhün təmin olunması üçün Avropa bu gün və gələcək üçün tələb olunan təhlükəsizlik zəmanətlərinin ayrılmaz hissəsi olmalıdır”.
Papa–Zelenski görüşü
Papa Lavr XIV ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş dünən Qandolfo qalasında, Vatikanın cənub-şərqində, təxminən 30 kilometr məsafədə yerləşən rəsmi iqamətgahda keçirilib. Görüşün əsas mövzularını humanitar məsələlər, münaqişənin gedişi və gələcək diplomatik addımlar təşkil edib.
