İran Xarici İşlər Nazirliyi Ərəb Liqasının Bağdad sammitinin yekun sənədində yer alan və Fars körfəzində yerləşən üç ada — Böyük Tunb, Kiçik Tunb və Əbu Musa ilə bağlı səsləndirilən iddialara münasibət bildirib.
Az.rasthaber.com xəbər verir ki, Nazirliyin sözçüsü İsmayıl Bəqayi 19 may tarixində verdiyi açıqlamada bu adaların “İran İslam Respublikasının ayrılmaz ərazi hissəsi” olduğunu vurğulayıb. O, adalara dair irəli sürülən iddiaların BMT Nizamnaməsinə, ölkələrin ərazi bütövlüyü və suverenliyinə, eləcə də mehriban qonşuluq prinsipinə zidd olduğunu bildirib.
Bəqayi, Ərəb Liqasının bəyanatında bu mövzunun gündəmə gətirilməsini qəbuledilməz adlandıraraq, təşkilatı “əsassız iddialar ətrafında mövqe formalaşdırmaqdan çəkinməyə” və bunun əvəzinə “tarixi və coğrafi reallıqları nəzərə almağa, region ölkələri arasında anlaşma və əməkdaşlığı gücləndirməyə” çağırıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sözügedən adalar üzərində suverenlik iddiası irəli sürür. Adalarla bağlı mübahisə uzun illərdir İran və BƏƏ arasında diplomatik gərginlik yaradıb. Adalar hazırda İranın nəzarətindədir və Tehran onların müzakirə mövzusu olmadığını bəyan edir.
Ərəb Liqasının Bağdadda keçirilən son sammitində isə bu adalarla bağlı mübahisəli mövqe ifadə olunub. Müstəqil müşahidəçilər bu cür bəyanatların regionda gərginliyi artırmaq riskini də istisna etmirlər.