Yerli mənbələrin verdiyi məlumata görə, üç nəfər qurbanlıq qoyunu parça çantasında gizlədərək məscidə keçirməyə çalışıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bu gün, mayın 12-si səhər saatlarında Əl-Əqsa məscidinin mühafizəçiləri israilli məskunlaşmış şəxslərin məbədə “canlı qurban” – qoyun – daxil etmə cəhdinin qarşısını alıblar. Hadisə Qüdsdə, Əl-Qəvvanime qapısı vasitəsilə baş verib.
Yerli mənbələrin verdiyi məlumata görə, üç nəfər qurbanlıq qoyunu parça çantasında gizlədərək məscidə keçirməyə çalışıb. Onların məqsədi yəhudi təqviminə əsasən qeyd olunan “ikinci Pasxa” münasibətilə qurban təqdim etmək olub. Mühafizəçilərin dərhal müdaxiləsi nəticəsində bu təxribatın qarşısı alınıb.
Hadisənin baş verdiyi gün ərzində 594 israilli məskunlaşmış şəxs Əl-Əqsaya daxil olaraq məscidin həyətində təxribat xarakterli dini ayinlər icra edib. Bu zaman müsəlman ibadətçilərə qarşı ciddi məhdudiyyətlər tətbiq olunub.
Qüds valiliyi bu hadisəni “təhlükəli və qırmızı xətləri aşan” bir addım kimi qiymətləndirib və xəbərdarlıq edib ki, Əl-Əqsa məscidində bu cür cəhdlərin davam etməsi fəlakətli nəticələrə gətirib çıxara bilər. Valilik bəyan edib ki, İsrail hökuməti bu təhlükəli insidentə görə tam məsuliyyət daşıyır və məscidə qarşı planlaşdırılan təxribatların dərhal dayandırılmasına çağırış edib.
Bununla yanaşı, Qüds valiliyi Əl-Əqsa mühafizəçilərinin sayıqlığını alqışlayıb və müsəlman dünyasını məscidin müdafiəsi üçün dərhal hərəkətə keçməyə çağırıb.