Suriya Xarici Döyüşçülərin Övladlarına Vətəndaşlıq Verə Bilər

4 Dəq Oxuma Müddəti

Suriyada vətəndaşlıq qanununun dəyişdirilməsi gündəmdədir

Fransa Xəbər Agentliyinin məlumatına görə, Suriya hakimiyyəti xarici silahlı döyüşçülərlə evlənmiş suriyalı qadınların övladlarına vətəndaşlıq verilməsinə imkan yaradacaq qanun dəyişikliyini nəzərdən keçirir.

Suriyadakı müharibə dövründə minlərlə suriyalı qadın xarici vətəndaşlarla ailə qurub. Onların arasında 2014-cü ildə Suriya və İraqın geniş ərazilərini ələ keçirmiş İŞİD terror təşkilatına qoşulan xarici döyüşçülər də olub.

Lakin həmin nikahların rəsmi qaydada qeydə alınmaması uşaqların hüquqi sənədlərlə təmin edilməsində ciddi problemlər yaradıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bu ay yaydığı açıqlamada suriyalı analardan və xarici döyüşçülərdən dünyaya gələn yüzlərlə, hətta minlərlə uşağın şəxsiyyət sənədlərinin alınmasında maneələrlə üzləşmək riskinin daha yüksək olduğunu bildirib.

1969-cu il qanununa yeni maddə əlavə edilə bilər

Suriyanın sosial məsələlər və əmək naziri Hind Qəbvat noyabrın əvvəlində hökumət komissiyasının bir neçə aydır müvafiq qanunvericilik təşəbbüsünü nəzərdən keçirdiyini açıqlayıb.

Nazirliyin təklifinə əsasən, 1969-cu ildə qəbul edilmiş vətəndaşlıq haqqında qanuna xarici vətəndaşlarla evlənmiş suriyalı qadınların övladlarına Suriya vətəndaşlığının verilməsini nəzərdə tutan yeni maddə əlavə oluna bilər.

Hüquq müdafiəçiləri bu təşəbbüsü uzun müddətdir gözlənilən qanunvericilik islahatı kimi qiymətləndirirlər.

BMT-nin məlumatına görə, Suriya qadınların öz vətəndaşlığını övladlarına ötürməsinə icazə verməyən təxminən 25 ölkədən biridir.

Xarici döyüşçülərin övladlarının hüquqi vəziyyəti

Fransa Xəbər Agentliyinin qiymətləndirməsinə görə, qanun dəyişikliyinin mümkün məqsədlərindən biri də mənsub olduqları ölkələrin geri qəbul etməkdən imtina etdiyi xarici döyüşçülərin övladlarına Suriya vətəndaşlığının verilməsidir.

2014-2019-cu illərdə Suriyanın şimalında və şimal-şərqində geniş ərazilərə nəzarət edən silahlı qruplaşmaların yaratdığı idarəetmə qurumları hüquqi baxımdan tanınmayıb.

Bu səbəbdən həmin ərazilərdə bağlanan nikahların və dünyaya gələn uşaqların rəsmi qeydiyyatı mümkün olmayıb.

Oxşar problemlər keçmiş prezident Bəşər Əsəd hakimiyyətinə qarşı çıxan silahlı qrupların nəzarətindəki digər ərazilərdə də yaşanıb.

Minlərlə uşaq qeydiyyat problemi ilə üzləşib

Müharibə şəraiti, geniş yayılmış zorakılıq və ağır yaşayış şərtləri hətta Suriya vətəndaşları arasında bağlanan bəzi nikahların da rəsmi qeydiyyata alınmasına mane olub.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, təkcə 2025-ci ildə 8 837 suriyalı uşaq qeydiyyata alınıb.

Suriyada rəsmi doğum sənədlərinin əldə edilməsi üçün valideynlərin nikahının dövlət qeydiyyatına alınması əsas şərtlərdən biridir.

Müharibədən sonra atası Suriya vətəndaşı olan uşaqların qeydiyyatı mümkün olsa da, xarici vətəndaşlardan dünyaya gələn uşaqların hüquqi vəziyyəti daha mürəkkəbdir.

Xüsusilə taleyi barədə məlumat olmayan xarici döyüşçülərlə bağlanmış nikahların və uşaqların atalığının təsdiqlənməsində ciddi çətinliklər mövcuddur.

Qərb ölkələri minlərlə vətəndaşını geri qəbul etmir

Son illər bir sıra Qərb ölkələri Suriyada qalan minlərlə vətəndaşını geri qəbul etməkdən imtina edib.

Onların əksəriyyətini uşaqlar təşkil edir. Suriyanın mövcud qanunvericiliyinə əsasən, həmin uşaqlar atalarının vətəndaşlığını almalıdırlar.

Fransa Xəbər Agentliyinin müraciətinə baxmayaraq, Suriyanın Sosial Məsələlər və Əmək Nazirliyi, eləcə də Daxili İşlər Nazirliyi qanun dəyişikliyindən yararlanacaq şəxslərin sayı və kateqoriyaları barədə açıqlama verməyib.

Agentliyə danışan hüquqşünaslar və hüquq müdafiəçiləri dəyişiklikdən əsasən fələstinli, iordaniyalı, iraqlı və digər xarici vətəndaşlarla evlənmiş suriyalı qadınların övladlarının yararlanacağını bildiriblər.

BMT qanunvericilik islahatının sürətləndirilməsinə çağırır

Suriya üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyası ölkə hakimiyyətinə bütün suriyalı qadınların övladlarını öz adlarına qeydiyyatdan keçirmələrinə, uşaqların şəxsiyyət sənədləri və Suriya vətəndaşlığı almalarına imkan verəcək müvəqqəti hüquqi tədbirlərin qəbulunu nəzərdən keçirməyi tövsiyə edib.

Komissiya vətəndaşsızlığın nəsildən-nəslə ötürülən problemə çevrilməməsi üçün qanunvericilik islahatının təcili həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Təklifin qüvvəyə minməsi üçün parlamentə təqdim edilməsi, müzakirə olunması və təsdiqlənməsi tələb olunur. Hazırda qanun dəyişikliyi hələ qəbul edilməyib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş