Qalibaf Bağdadda ilk mesajını verdi
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf çərşənbə günü yüksək səviyyəli parlament nümayəndə heyətinin rəhbəri kimi İraqın paytaxtı Bağdada gəlib.
Qalibaf səfərinin ilk mərhələsində Bağdad hava limanı yolunda Qasim Süleymani və Əbu Mehdi əl-Mühəndisin öldürüldüyü əraziyə baş çəkib.
Burada çıxış edən İran parlamentinin sədri ABŞ hökumətini Süleymani və əl-Mühəndisin öldürülməsinə görə məsuliyyət daşımaqda göstərib. Qalibaf onları İŞİD-ə qarşı mübarizədə regionun təhlükəsizliyinin qorunmasına mühüm töhfə vermiş şəxslər kimi təqdim edib.
“Region xarici müdaxilə olmadan əməkdaşlıq etməlidir”
Qalibaf bildirib ki, İraqa səfəri region ölkələri arasında yeni əməkdaşlıq yanaşmasının bir hissəsidir.
Onun sözlərinə görə, Tehran və Bağdad təhlükəsizlik, siyasət və iqtisadiyyat sahəsində əməkdaşlığı xarici qüvvələrin müdaxiləsi olmadan inkişaf etdirməlidir.
İran parlamentinin sədri səfər çərçivəsində İraq hökumətinin yüksək vəzifəli rəsmiləri və siyasi liderlərlə görüşəcəyini açıqlayıb.
O, iki ölkə arasında münasibətlərin sadəcə siyasi maraqlara deyil, tarixi qonşuluğa və ortaq taleyə əsaslandığını vurğulayıb.
İran-İraq təhlükəsizliyi üçün “praktik addımlar”
Qalibaf səfərdən əvvəl verdiyi açıqlamada İran və İraq arasında ortaq təhlükəsizliyin gücləndirilməsi istiqamətində konkret və böyük addımların atılacağını bildirmişdi.
Onun sözlərinə görə, iki ölkənin təhlükəsizliyi bir-birindən ayrı deyil və Tehranla Bağdad bu sahədə daha sıx koordinasiyaya ehtiyac duyur.
Səfər zamanı sərhəd təhlükəsizliyi, terrorla mübarizə və regional proseslər əsas müzakirə mövzuları arasında olacaq.
İqtisadi əməkdaşlıq da gündəmdədir
Qalibafın Bağdad görüşlərində yalnız təhlükəsizlik məsələlərinin deyil, iqtisadi münasibətlərin də geniş şəkildə müzakirə olunacağı gözlənilir.
Tərəflər mövcud sazişlərin həyata keçirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və strateji layihələrin sürətləndirilməsi məsələlərini nəzərdən keçirəcəklər.
İran tərəfi bu əməkdaşlığın Qərbi Asiyada sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə də xidmət edəcəyini bildirir.
Qalibaf Şəhid Rəhbər Ayətullah Seyid Əli Xameneinin anım mərasimində iştirak edəcək
Qalibaf səfər zamanı Şəhid Rəhbər Seyid Əli Xameneinin 40-cı günü ilə bağlı keçiriləcək mərasimdə də iştirak edəcəyini bildirib.
O, mərasimə İranın ali rəhbəri Ayətullah Müctəba Xameneinin nümayəndəsi kimi qatılacağını açıqlayıb.
Qalibafın sözlərinə görə, İran və İraq xalqları arasında münasibətlər tarixi, dini və siyasi baxımdan dərin köklərə malikdir.
O, keçmişdə iki ölkənin qarşılaşdığı ortaq təhlükələrin gələcək əməkdaşlığın əsaslarını daha da möhkəmləndirdiyini vurğulayıb.
Bağdad da Tehranla əlaqələrin genişlənməsini istəyir
İraqın Baş naziri Əli Faleh əz-Zeydi ötən ay İrana səfəri zamanı Bağdadın Tehranla münasibətləri bütün sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu bildirmişdi.
Əz-Zeydi xüsusilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını vurğulamışdı.
İraqın Baş naziri eyni zamanda iki ölkənin təhlükəsizliyinin ortaq olduğunu bildirərək İraq ərazisindən İrana qarşı hər hansı təhlükənin yaranmasına imkan verilməyəcəyini açıqlamışdı.
Qalibafın Bağdad səfəri də bu xəttin davamı kimi qiymətləndirilir. Tehran və Bağdad regionda xarici müdaxilədən uzaq təhlükəsizlik mexanizmi, sərhədlərin qorunması və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində yeni addımlar atmağa hazırlaşırlar.
