Petrodan seçkilərlə bağlı ağır ittihamlar
Kolumbiya Prezidenti Qustavo Petro bildirib ki, ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə İsrail mənşəli kompüter proqramı vasitəsilə müdaxilə olunub.
Onun sözlərinə görə, proqram səsvermənin nəticələrinin hesablanması prosesində istifadə olunaraq seçicilərin real iradəsini dəyişdirib və nəticədə Abelyardo de la Espriyaya qələbə qazandırıb.
Petro iddia edib ki, həmin proqram narkotik ticarətindən və İsrailə məxsus özəl kəşfiyyat strukturlarının maliyyəsi hesabına hazırlanıb.
“1,8 milyon səs dəyişdirilib”
Kolumbiya liderinin sözlərinə görə, seçki səslərinin hesablanmasını həyata keçirən özəl şirkətlərdə əvvəlcədən quraşdırılmış proqram təxminən 1,8 milyon səsə müdaxilə edib.
Petro bildirib ki, seçki qutularındakı səslərə əsasən əsl qalib namizəd İvan Sepeda olub, lakin rəsmi nəticələr fərqli elan edilib.
“Yeni prezident legitim deyil”
Qustavo Petro baş verənləri “seçki saxtakarlığı” adlandıraraq bildirib ki, yeni prezident xalqın iradəsinə söykənən legitimliyə malik deyil.
Onun fikrincə, bu hadisə Kolumbiya demokratiyasına ağır zərbə vurub və ölkənin milli suverenliyinin pozulması deməkdir.
“Kolumbiya müstəmləkə dövrünə qayıtmayacaq”
Prezident vurğulayıb ki, Kolumbiya xalqı öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmağa davam edəcək.
O bildirib ki, ölkə yalnız xalqın iradəsi ilə idarə olunmalıdır və heç bir xarici müdaxilə Kolumbiyanın gələcəyini müəyyən edə bilməz.
Yeni prezident avqustda vəzifəsinin icrasına başlayacaq
Qeyd edək ki, sağçı namizəd Abelyardo de la Espriya ötən ay keçirilən prezident seçkilərinin ikinci turunda cüzi səs fərqi ilə qalib elan olunub.
O, vəzifəsinin icrasına avqust ayında başlayacaq. Yeni prezident ABŞ və İsraillə hərbi əməkdaşlığı gücləndirəcəyini, həmçinin İsraillə diplomatik münasibətləri bərpa edəcəyini açıqlayıb.
Xatırladaq ki, Qustavo Petro 2024-cü ildə Qəzzaya qarşı hərbi əməliyyatlara etiraz olaraq İsraillə diplomatik əlaqələri kəsmiş, həmçinin bu ölkəyə kömür ixracını və silah idxalını dayandırmışdı.

