ABŞ mediası itkilərlə bağlı hesabat yayıb
ABŞ-ın “The War Horse” nəşri əldə etdiyi məlumatlara əsaslanaraq bildirib ki, İranın hücumları nəticəsində müharibənin əvvəlindən etibarən çoxsaylı amerikalı hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata görə, müharibənin başlanğıcından aprelin əvvəlinədək azı 170 ABŞ hərbçisi baş nahiyəsindən zədə alıb.
Yaralananların böyük hissəsi dəniz və hava qüvvələrindədir
Hesabatda qeyd olunur ki, baş nahiyəsindən xəsarət alanlar arasında:
- ABŞ Hərbi Dəniz Qüvvələrinin 64 hərbçisi;
- ABŞ Hərbi Hava Qüvvələrinin 51 hərbçisi;
- ABŞ Dəniz Piyada Korpusunun 19 hərbçisi var.
Küveytdəki hücum ən ağır hadisə kimi göstərilib
Nəşrin məlumatına görə, martın 1-də İran pilotsuz uçuş aparatı Küveytin Şüeybə limanında yerləşən ABŞ qüvvələrinin əməliyyat mərkəzini hədəfə alıb.
Bildirilir ki, həmin hücum nəticəsində 6 amerikalı hərbçi həlak olub, bir ordu polkovniki isə beyin silkələnməsi diaqnozu ilə xəsarət alıb. Hesabatda bu hadisə müharibə dövründə ABŞ ordusunun ən ağır itki verdiyi hücum kimi təqdim olunur.
Ümumi yaralı sayı 653 nəfər göstərilir
ABŞ-ın ABC News telekanalının məlumatına görə, İranla müharibə dövründə ABŞ Silahlı Qüvvələrində ümumilikdə 653 hərbçi yaralanıb.
Məlumatda bildirilir ki, yaralananlardan 64-ü yüksək rütbəli zabitlərdir.
İran isə ABŞ-ın ölkəyə qarşı hərbi əməliyyatlarına cavab olaraq regiondakı Amerika hərbi bazalarına zərbələr endirməyə davam etdiyini bəyan edir.

