Ölənlərin sayı 4278 nəfərə çatdı
Livan Səhiyyə Nazirliyi sionist rejimin martın 2-dən etibarən ölkəyə həyata keçirdiyi hücumların nəticələrinə dair yenilənmiş məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, bu müddət ərzində sionist rejim hücumları nəticəsində şəhid olanların sayı 4278 nəfərə, yaralananların sayı isə 12 min 196 nəfərə yüksəlib.
Qurumun əvvəlki hesabatında ölənlərin sayının 4257 nəfər olduğu bildirilmişdi. Son 24 saat ərzində daha 21 nəfərin həyatını itirdiyi açıqlanıb.
Sionist rejim hücumlarını davam etdirir
Livanın rəsmi NNA agentliyinin məlumatına görə, rejim ordusu atəşkəs və ABŞ-İran razılaşmasına baxmayaraq hücumlarını davam etdirib.
İşğalçı İsrail artilleriyası Nəbatiyyə vilayətinin Beyt Yahun yaşayış məntəqəsini atəşə tutub. Bundan başqa, Bint Cübeyl rayonunun Ayta əş-Şaab və Beyt Yahun qəsəbələrində yaşayış evlərinin yandırıldığı bildirilib.
Münaqişə və atəşkəs prosesi
Sionist rejim ordusu martın 2-də Livana qarşı genişmiqyaslı hava hücumlarına başlayaraq ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrini işğal etmişdi.
Livan hökumətinin məlumatına görə, hücumlar nəticəsində ölkə daxilində 1 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb.
ABŞ Prezidenti Donald Tramp aprelin 24-də Livan və sionist rejim arasında qüvvəyə minmiş müvəqqəti atəşkəsin uzadıldığını açıqlamışdı. Daha sonra ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində atəşkəs müddəti yenidən artırılmışdı.
Bununla yanaşı, İran və ABŞ Pakistanın vasitəçiliyi ilə əldə olunan 14 maddəlik memorandum çərçivəsində müharibənin dayandırılması və problemlərin danışıqlar yolu ilə həllinə dair razılıq əldə etdiklərini bəyan etmişdilər. Memorandum Livanı da əhatə edir.
Həmçinin Vaşinqtonda keçirilən danışıqların beşinci raundundan sonra Livan və sionist rejim arasında çərçivə sazişi imzalanıb.

