Türkiyə: NATO dəyişən təhlükəsizlik mühitinə uyğunlaşır
Türkiyənin müdafiə naziri Yaşar Gülər, gələn həftə Ankarada keçiriləcək NATO sammiti ərəfəsində alyansın böhran yaşamadığını, əksinə dəyişən təhlükəsizlik mühitinə uyğunlaşma mərhələsində olduğunu bildirib.
Reuters agentliyinə müsahibəsində Gülər qeyd edib ki, iyulun 7-8-də keçiriləcək sammitdə NATO-ya üzv 32 ölkənin liderləri, eləcə də Körfəz və Asiya-Sakit okean regionundan yüksək səviyyəli rəsmilər iştirak edəcəklər.
Sammitdə əsas müzakirə mövzuları
Nazirin sözlərinə görə, sammitdə müdafiə xərclərinin artırılması, üzv ölkələr arasında məsuliyyət bölgüsü, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi əsas gündəm mövzuları olacaq.
Gülər həmçinin vurğulayıb ki, Türkiyə Avropanın müdafiə təşəbbüslərində və layihələrində daha fəal şəkildə iştirak etməlidir.
“ABŞ NATO-dan çıxmaq istəmir”
Türkiyəli nazir bildirib ki, ABŞ-ın NATO-dan ayrılmaq planı yoxdur. Onun sözlərinə görə, Vaşinqtonun əsas gözləntisi Avropa ölkələri və Kanadanın qitənin təhlükəsizliyi ilə bağlı daha böyük məsuliyyət götürməsidir.
Yaşar Gülər əlavə edib ki, NATO Avropa və Atlantik regionunun təhlükəsizliyi üçün əvəzolunmaz platforma olaraq qalır və alyans hazırda böhran deyil, yeni təhlükəsizlik reallıqlarına uyğunlaşma prosesi yaşayır.

