İraqdan Son Qərar: Şəhid Ayətullah Xameneinin Vida Mərasimi Bağdadda Keçirilməyəcək

2 Dəq Oxuma Müddəti

Bağdad proqramdan çıxarıldı

Şəhid Rəhbər Seyid Əli Xameneinin vida mərasimlərinin təşkili üçün yaradılan təhlükəsizlik komissiyasının rəhbəri, general-leytenant Səd Maan mətbuat konfransında yeni proqramı açıqlayıb.

Onun sözlərinə görə, əvvəlki planlardan fərqli olaraq, mərasimlər İraqın paytaxtı Bağdadda keçirilməyəcək. Rəsmi proqram yalnız Nəcəf və Kərbəla şəhərlərini əhatə edəcək.

Nəcəfdə ilk mərasim keçiriləcək

Səd Maan bildirib ki, Şəhid Ayətullah Seyid Əli Xameneinin cənazəsi iyulun 7-də Nəcəfə gətiriləcək.

Burada rəsmi qarşılama mərasimindən sonra geniş ictimaiyyətin iştirakı ilə vida mərasimi təşkil olunacaq.

Kütləvi yürüşün isə iyulun 8-də səhər saat 06:00-da Kufə qovşağından başlayaraq Sədrayn meydanı və 20-ci İnqilab qovşağı istiqamətində davam edəcəyi açıqlanıb.

Kərbəlada ikinci mərasim təşkil olunacaq

Rəsmi məlumata görə, həmin gün saat 16:00-da Kərbəlada da vida mərasimi keçiriləcək.

Mərasim korteji Əbu Mehdi əl-Mühəndis prospektindən hərəkət edərək İmam Hüseyn (ə) və Həzrət Abbas ziyarətgahları istiqamətində irəliləyəcək.

Komitə mərasimlərdə iştirak edəcək insanların Nəcəf və Kərbəlaya rahat çatdırılması üçün xüsusi nəqliyyat planının hazırlandığını da açıqlayıb.

Cənazə daha sonra İrana aparılacaq

İraq rəsmilərinin sözlərinə görə, Nəcəf və Kərbəladakı mərasimlər başa çatdıqdan sonra cənazə İrana yola salınacaq.

Səd Maan qeyd edib ki, Bağdadın proqramdan çıxarılması mərasimlərin keçirilməsi üçün ayrılmış 24 saatlıq vaxt məhdudiyyəti ilə əlaqədardır.

Əvvəlki plan dəyişdirildi

Bundan əvvəl İraq hökuməti vida mərasiminin Beynəlxalq Bağdad Hava Limanından başlayacağını açıqlamışdı.

Hətta mərasimin təşkilinə cavabdeh komissiya da ilk proqramda Bağdadın əsas mərasim məkanı olacağını bildirmişdi.

Lakin son qərarla proqram yenilənib və bütün tədbirlərin yalnız Nəcəf və Kərbəlada keçirilməsi təsdiqlənib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş