İspaniya 16 İldən Sonra Yenidən Dünya Çempionu Oldu

3 Dəq Oxuma Müddəti

Finalın taleyi əlavə vaxtda həll olundu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026 FIFA Dünya Kubokunun finalında İspaniya və Argentina milli komandaları qarşılaşıb.

ABŞ-ın Nyu-Cersi ştatında yerləşən Nyu-York–Nyu-Cersi Stadionunda keçirilən görüşü sloveniyalı hakim Slavko Vinçiç idarə edib. Ona həmyerliləri Tomaş Klançnik və Andraj Kovaçiç kömək ediblər.

Qarşılaşmanın ilk hissəsində topa daha çox nəzarət edən tərəf İspaniya olub. Argentina müdafiədə sıx oynayaraq rəqibin hücumlarının qarşısını almağa çalışıb. İspaniya isə çoxsaylı ötürmələr və cinahlardan qurulan hücumlarla təhlükə yaradıb.

İspaniya ilk hissədə üç zərbə endirib və bunlardan ikisi qapı çərçivəsinə yönəlib. Argentina isə fasiləyədək rəqib qapısına zərbə vura bilməyib.

Argentina 90 dəqiqəni zərbəsiz tamamladı

İkinci hissədə də oyunun təşəbbüsü İspaniyanın əlində olub. Luis de la Fuentenin komandası təzyiqi artıraraq ardıcıl hücumlarla Argentina müdafiəsini sınağa çəkib.

İspaniya ikinci hissədə 12 dəfə zərbə vurmağa çalışsa da, hesabı aça bilməyib. Argentina isə əsas vaxt ərzində ümumiyyətlə zərbə qeydə aldıra bilməyib.

90+3-cü dəqiqədə Argentina millisinin futbolçusu Enso Fernandes Pau Kubarsiyə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Beləliklə, Cənubi Amerika təmsilçisi əlavə vaxta 10 nəfərlə çıxmalı olub.

Əsas vaxt 0:0 hesabı ilə başa çatdığından qalibin müəyyənləşdirilməsi üçün əlavə 30 dəqiqə oynanılıb.

Ferran Torres İspaniyaya kuboku qazandırdı

Əlavə vaxtın ilk hissəsində də hesab dəyişməyib. Həlledici qol isə 106-cı dəqiqədə vurulub.

Niko Uilyamsın başla cərimə meydançasına endirdiyi topu qarşısında tapan Ferran Torres dəqiq zərbə ilə topu qapıdan keçirib və İspaniyanı 1:0 hesabı ilə önə çıxarıb.

Qalan dəqiqələrdə Argentina bərabərlik qolunu vura bilməyib. İspaniya üstünlüyünü qoruyaraq tarixində ikinci dəfə Dünya Kubokunun qalibi olub.

16 illik həsrət sona çatdı

İspaniya ilk dünya çempionluğunu 2010-cu ildə Cənubi Afrikada qazanmışdı. Həmin finalda Hollandiya əlavə vaxtda Andres İnyestanın qolu ilə 1:0 hesabı ilə məğlub edilmişdi.

Aradan keçən 16 ildən sonra İspaniya yenidən eyni hesabla və əlavə vaxtda qələbə qazanaraq futbolun ən ali mükafatına sahib çıxıb.

İspaniya məğlubiyyətsizlik rekordunu yenilədi

İspaniya final qələbəsi ilə daha bir tarixi göstəriciyə imza atıb.

Komanda 2024-cü ilin martından bu yana keçirdiyi 38 oyunda məğlub olmayıb. Bununla da İspaniya daha əvvəl İtaliya və Argentinanın bölüşdüyü 37 oyunluq məğlubiyyətsizlik rekordunu geridə qoyub.

Messi üçüncü Dünya Kuboku finalına çıxdı

Lionel Messi 2026-cı il finalında meydana çıxmaqla karyerasında üçüncü dəfə Dünya Kubokunun həlledici oyununda iştirak edib.

O, daha əvvəl 2014-cü ildə Almaniyaya, 2022-ci ildə isə Fransaya qarşı finalda oynamışdı. Messi braziliyalı Kafudan sonra üç müxtəlif Dünya Kuboku finalında meydana çıxan ikinci futbolçu olub.

39 yaş 25 günlük argentinalı ulduz, həmçinin qapıçılar nəzərə alınmadan Dünya Kuboku finalında oynayan ən yaşlı futbolçu kimi tarixə düşüb.

 

Bu Xəbəri Paylaş
Şərh edilməmiş