Əraqçi: Beyruta Hücum Olsaydı, İran Dərhal Cavab Verəcəkdi

2 Dəq Oxuma Müddəti

İran Beyrut hücumu ilə bağlı xəbərdarlıq edib

İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Məyadin” telekanalına müsahibəsində sionist rejim Beyrut və xüsusilə şəhərin cənub ətrafına mümkün hücumu ilə bağlı Tehran rəhbərliyinin sərt mövqe tutduğunu bildirib.

Əraqçinin sözlərinə görə, sionist rejimin Beyrutun cənubunu hədəfə alma ehtimalı yaranan kimi İran Silahlı Qüvvələri cavab tədbirlərinə hazır vəziyyətə gətirilib.

Nazir vurğulayıb ki, Beyrutda atəşkəsin pozulması birbaşa təcavüz sayılır və Tehran bütün tərəflərə açıq mesaj göndərib.

“Əgər Beyruta hücum edilərsə, biz buna dözməyəcəyik”, – deyə Əraqçi bildirib.

ABŞ-ın sionist rejim hücumunun qarşısını aldığı iddia olunur

Əraqçi qeyd edib ki, İranın sərt mövqeyi və Vaşinqtona göstərilən təzyiqlər nəticəsində ABŞ son anda sionist rejimin Beyruta planlaşdırdığı hücumun qarşısını alıb.

Onun sözlərinə görə, son günlərdə müharibənin genişlənməsinin qarşısını alan əsas amillərdən biri Livan müqavimət qüvvələrinin gücü və İran Silahlı Qüvvələrinin hazırlığı olub.

Nazir həmçinin bölgə ölkələrinə təşəkkür edərək bildirib ki, bir sıra regional dövlətlər Vaşinqtonla təmaslar apararaq vəziyyətin gərginləşməməsi üçün diplomatik təzyiq göstəriblər.

“İran hər an cavab verməyə hazırdır”

Abbas Əraqçi vurğulayıb ki, İran Silahlı Qüvvələri istənilən vaxt sionist rejimə qarşı yeni əməliyyatlara başlamağa hazır vəziyyətdədir.

O bildirib ki, İran və Livandakı proseslər bir-birindən ayrı deyil və Tehran hər iki cəbhəni vahid qarşıdurma kimi qiymətləndirir.

“Ya müharibə həm İranda, həm də Livanda dayanacaq, ya da hər iki cəbhədə davam edəcək”, – deyə o qeyd edib.

Livanın ərazi bütövlüyü məsələsi ön plana çıxarılıb

Əraqçi gələcək mümkün razılaşmaların Livanın ərazi bütövlüyünün qorunmasını və sionsit rejim qüvvələrinin işğal altında saxladığı Livan torpaqlarından çıxmasını əhatə etməli olduğunu bildirib.

Onun fikrincə, yalnız bundan sonra bölgədə yenidənqurma və sabitlik mərhələsinə keçmək mümkün olacaq.

ABŞ və sionist rejimə yeni xəbərdarlıq

İran xarici işlər naziri ABŞ dövlət katibi Marko Rubionun açıqlamalarına da cavab verib.

Əraqçi bildirib ki, İranın son hərbi əməliyyatları özünümüdafiə çərçivəsində həyata keçirilib və ABŞ-a bölgədə istifadə üçün verilən hərbi obyektlər hədəfə alınıb.

O vurğulayıb ki, İran neft tankeri və kommunikasiya obyektlərinə hücumlardan sonra İran ordusu və İnqilab Keşikçiləri bölgədəki ABŞ hərbi hədəflərinə raket və pilotsuz uçuş aparatları ilə cavab zərbələri endirib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş