Konvensional qəliblər dağılır. İran müharibəsi supergüc illüziyasını üzə çıxardı. Yəmən bombalanmış, mühasirəyə alınmış və məhrum edilmiş bir xalqın ləyaqətlə müstəkbirin hesablarını necə alt-üst edə biləcəyini göstərdi. Ağ Evdə, Pentaqonda, CENTCOM-da, Təl-Əvivdə və ya Səudiyyə saraylarında planlaşdırılmış təcavüz növləri ayaqyalın yəmənlilərin müqavimətini qıra, ləyaqətini əzə bilmədi.
Hekayə srağagün Səudiyyə Ərəbistanında Aramco obyektlərindən yüksələn alovlarla başlamadı. 2012-ci ildə Əli Abdullah Salehi kənarlaşdırıb Riyadın yönləndirdiyi hökumətlə Yəmənə nəzarət edən siyasi quruluş çökəndə, Səudiyyə Ərəbistanı Amerika dəstəyi ilə 10 ölkədən ibarət koalisiya quraraq cənubdakı qonşusunun üzərinə getdi. Səudiyyəlilər Yəməni yandırıb-yaxan bu müharibəyə böyük toxunulmazlıq hissi və amerikasayağı təkəbbürlə “Qətiyyət Fırtınası” adını vermişdilər. Özlərinə “qanuni qüvvələr” deyirdilər. Bit bazarında satdıqları hekayəyə görə, “İranın vəkil qüvvəsi Husilər paytaxt Sənaya daxil olub BMT tərəfindən tanınmış hökuməti qovaraq hakimiyyəti qəsb etmişdi. Qanuniliyin yenidən bərpası üçün güc tətbiqi qaçılmaz olmuşdu.”
Yəməni daş dövrünə qaytarmağı özlərində haqq hesab edirdilər. Koalisiya mahiyyət etibarilə iki əsas zərbə qüvvəsindən ibarət idi: Səudiyyə Ərəbistanı və BƏƏ. Səudiyyəlilərin Yəmənlə hesabı İbn Səud dövründən bəri bağlanmayıb. Əmirliklər isə daha çox amerikalıların çirkli işlərini görən qara dəri əlcək idi. Bu əlcək bir neçə il sonra Yəməni yenidən bölmək məqsədilə İsrailin xidmətinə girəcəkdi.
2022-ci ildəki atəşkəsə qədər yəmənlilər vadilərin dərinliklərindən, qayaların yarıqlarından, Qırmızı dəniz və Babül-Məndəbə baxan təpələrdən cavab verdilər. Nəhayət, İranın dəstəyi ilə inkişaf etdirdikləri raketlərlə müharibəni Səudiyyə hava limanlarına və neft obyektlərinə daşımağı bacardılar. Nəticə təkcə Səudiyyə-Əmirlik cütlüyünün məğlubiyyəti deyildi; bu eyni zamanda təkəbbürlü (ABŞ) və ərköyün (İsrail) bir qüdrətin də məğlubiyyəti idi.
İbn Səudun 25-ci oğlu Kral Salman atasının vəsiyyətini unutmuşdu. Bunun oğlu Məhəmməd bin Salmanın özünü sübut edəcəyi asan bir müharibə olacağını düşünmüşdü.
İbn Səud 1934-cü ildə Yəməni işğal edib Əsir, Cizan və Nəcranı ələ keçirmişdi. Fürsət varkən coğrafiyanın qalan hissəsini niyə İmam Yəhyaya buraxdığı soruşulduqda belə cavab vermişdi:
“Yəməni tanımırsınız; dağlıqdır və qəbilələrdən ibarətdir. Heç kim ona nəzarət edə bilməz. Tarix boyu onu fəth etməyə çalışanların hamısı uğursuz olub. Son uğursuz işğalçı Osmanlı dövləti idi. Özümü və xalqımı Yəməndə hədər etmək istəmirəm.”
1953-cü ildə İbn Səud ölüm döşəyində olarkən oğullarına “Yəmənə diqqət edin, ora sizin Axilles dabanınızdır” demişdi.
Varisləri pul kisələri və qəbilə bağları ilə Yəməni itaətkar etmək üçün çalışdı. Siyasi diktələr rədd ediləndə maliyyə cəzalandırmasına əl atdılar. Lakin Husilər işi pozdu. Hüseyn Bədrəddin əl-Husinin adını daşıyan Husilər kimi tanınan Ənsarullah hərəkatı, 1962-ci ilə qədər Yəmənə 1000 il hökm etmiş Zeydi İmamət ənənəsini dirçəltməyə çalışırdı. Yuxarıda Vəhhabilik, aşağıda Zeydilik. Yarımadanın iki tərəfində bir-birinə uyğun gəlməyən iki cərəyan.
Zeydilər sünnilərə ən yaxın şiə qrupu kimi tanınır. Lakin Zeydiyyə şiəliyin klassik 12 imam inancından kənarda qalır. 12 imam ənənəsi daxilində Zeydiləri şiə saymayanlar da var. Husilər İranın “Müqavimət Oxu” ilə ortaq ola biləcəyini göstərdiyi an qarşılarında səudiyyəlilərin düşmənçiliyini gördülər. Amerika-İsrail oxunun dəstəklədiyi bir düşmənçilik!
Kral Salmanın sələfi Kral Abdullah 2009-2010-cu illərdə Husilərlə döyüşmüş və utanc içində geri çəkilmişdi. O da atasının sözlərinə məhəl qoymamışdı. Yəmən məğlubiyyəti regional güc olmaq iddiasına kölgə salır. Atası Salman ağır-ağır Əzrayılla söhbət edərkən kral səlahiyyətlərini həyata keçirən Vəliəhd Şahzadə Məhəmməd bin Salman, Yəməni əzərək Səudiyyə qüdrətinin yükünü düzəltmək istəyir. 2022-ci ildə müharibə bitsə də, Riyadda otel otaqlarında vaxt öldürən guya qanuni hökumət Sənaya qayıda bilmədi. Səna və Hudeydə hava limanlarına qarşı tətbiq olunan blokada da kifayət etmədi. Sənadakı Yəmən qüvvələri İranla müharibə zamanı səudiyyəlilərin Soyqırımçı-Epstein Koalisiyasına açıq şəkildə qoşulmasının qarşısında çəkindirici amilə çevrildi. Əgər səudiyyəlilər İrana qarşı müharibəyə girsəydilər, Husilər də Babül-Məndəbi bağlayacaq və Qırmızı dənizdəki limanları atəş dairəsinə alacaqdılar. Lakin İran Əli Xameneinin dəfn mərasimində iştirak edən yəmənlilər üçün təyyarə göndərəndə səudiyyəlilər əllərindəki blokada kozırını itirəcəkləri narahatlığına düşdülər. İran təyyarəsinin enməsinin qarşısını almaq üçün Səna və Hudeydə hava limanlarını bombalamaları altı ildir güclə qorunan atəşkəsi məhv etdi.
“Vəkil qüvvə” kimi təqdim edilmələrinə baxmayaraq, Yəmən öz müharibəsini aparır. Mühasirənin qaldırılması üçün “blokadaya qarşı blokada” deyərək Səudiyyə hava limanlarını hədəfə aldı. İlk olaraq Əbya Hava Limanını vurdu. Ardınca iki tankeri hədəfə alaraq Babül-Məndəbi səudiyyəlilər üçün keçilməz etdi. Səudiyyəlilər isə 24 iyulda Hudeydədə telekommunikasiya binasını bombaladılar. Əslində öz ətəklərinə bağlanmış bombanın pinini çəkdilər.
Yəmən İran kimi hesab-kitabla məşğul olmur; gərginliyi artıran pillələri saymır. Onsuz da vurulacağı qədər vurulub, dağıdılacağı qədər dağıdılıb. Ölçülü cavab verməyə vaxtı da, taqəti də qalmayıb; birbaşa Cizandakı neft obyektlərini və Qırmızı dənizdəki Yanbu limanını cəhənnəmə çevirdi. Səudiyyəlilər Mərib və Cəvfə hava zərbələri endirərək cavab verdilər. Bu spiral Aramco obyektləri və Qırmızı dəniz limanları üçün cəhənnəm vəd edir. Yəni səudiyyəlilərin itirəcəyi çox şey var. 2015-ci ildə bacarmadıqlarını indi heç bacara bilməzlər. Əlbəttə, Yəməni təkrar-təkrar vura bilərlər. İsrail Qəzzadakı soyqırıma qarşı özünə yönəlmiş Yəmən raketlərinin qisasını almaq üçün səbirsizlənir. Somalilandı yeni sıçrayış meydançasına çevirir. Yəmənə hücum etmək üçün İran müharibəsinin gedişatını gözləyir. Ancaq artıq Yəmən təcrid olunmuş məsələ deyil. İran və müttəfiqləri artıq “cəbhələrin birliyi” prinsipi ilə hərəkət edirlər.
ABŞ Prezidenti Donald Tramp yarımadadakı son gərginlikdən dərhal əvvəl Yəmən qüvvələrinin gəmilərə hücumlarına görə İranı da məsul tutacağını açıqladı. Lakin Babül-Məndəb Hörmüz qədər güclü təzyiq vasitəsidir.
Husilərin yalnız Səudiyyə gəmiləri ilə məhdudlaşdırdığı boğaz qadağası, istər İrana, istərsə də Yəmənə qarşı genişmiqyaslı müharibə başladılacağı təqdirdə Babül-Məndəbin Hörmüz boğazı kimi necə təsirli rıçaqa çevriləcəyinin ilkin nümayişi sayılır. Bu qismən blokada Trampın 40 günlük müharibəni geridə qoyacaq şiddət və miqyasda hücum dalğası barədə qərar mərhələsində olduğu vaxt qarşı çəkisi kimi dövriyyəyə girir. ABŞ bölgəyə böyük hava qüvvələri cəmləşdirir.
New York Times qəzetinə danışan iranlı rəsmilərə görə, İraqın Baş naziri Əli əl-Zeydinin Vaşinqtondan Tehrana gətirdiyi atəşkəs təklifini rədd edən İran, körpülər və strateji obyektlər vurulacağı təqdirdə baş verəcəkləri belə sıraladı:
– İran münaqişəni regional miqyasda genişləndirəcək.
– Təl-Əvivi hədəfə alacaq.
– Yəməndəki müttəfiqlərindən Babül-Məndəb boğazını bağlamalarını istəyəcək.
Bu üç addımın hər biri Tramp üzərində təzyiq yaradacaq.
Bəli, Yəmənin 8 illik haqsız müharibə və 11 illik blokadadan doğan bu gərginlikdə öz səbəbləri var, amma o, eyni zamanda bölgədəki dəhşət balansının ən mühüm hissəsidir. Cəbhələrin birliyi coğrafiya ilə iç-içə keçən asimmetrik cavab imkanlarından güc alır. Səudiyyəlilərin milyardlarla dollar xərcləyərək təchiz etdikləri Amerika müdafiə sistemləri və silahları bu imkan qarşısında aciz qalır. Yəmənin bədəl ödəmə həddi ilə onlarınkı eyni deyil. Kövrəklik nisbətləri münaqişənin gedişatını da müəyyən edir.

