Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı R4, yəni “regional dördlük” ilə İngiltərə, Almaniya, Fransa və İtaliyanın yaratdığı E4, yəni “Avropa dördlüyü” ölkələrinin xarici işlər nazirləri İstanbulda toplaşdılar.
R4+E4 ölkələrinin Avropa və Yaxın Şərqi maraqlandıran məsələlərdə “Amerikasız təşəbbüs” irəli sürmələri mühüm bir addımdır. Ancaq…
PROBLEMLİ ÇAĞIRIŞ
R4+E4 toplantısından, xülasə olaraq, “müharibəyə qarşı diplomatiya və danışıqlar” çağırışı səsləndirildi. Lakin çağırışın ünvanı və forması problemlidir. R4+E4 ölkələri Rusiya-Ukrayna müharibəsinə Ukraynanın tərəfindən, Səudiyyə-Husi müharibəsinə səudiyyəlilərin tərəfindən, ABŞ-İran müharibəsinə isə “mücərrəd sülh” mövqeyindən baxırlar.
ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibə ilə bağlı tərəflərə eyni çağırışı edirlər. Yaxşı, bəs hücum edənlə müdafiə olunan eyni mövqedədirmi? Üstəlik, İrandan “nüvə danışıqlarına qayıtmasını” istəyirlər. Bəs ABŞ-İran nüvə sazişindən çıxan kim idi?
R4+E4 ölkələri “Husilərin səudiyyəlilərə hücum etdiyini” bildirərək “Səudiyyə Ərəbistanına dəstək” bəyan etdilər. Husilər səudiyyəlilərə hücum edir, yoxsa səudiyyəlilər Husilərə? Səudiyyə torpaqlarında Husi döyüşçüləri yoxdur, amma Yəmən torpaqlarında 11 ildir Səudiyyə döyüşçüləri var.
Məkkə İttifaqı ilə bağlı müzakirələrin ən başlıca problemi də elə budur. Eyni yanlış baxışla Türkiyəni Yəmən tələsinə salırlar. Türk əsgərlərini hücum edən səudiyyəlilərin tərəfində, müdafiə olunan Husilərə qarşı cəbhəyə göndərməyə çalışırlar.
PROBLEMLƏRİN MƏRKƏZİ
Bölgəmizdə Fələstin-İsrail problemi həll edilmədən və Fələstin dövləti 1967-ci il sərhədləri əsasında tanınmadan heç bir problem həll olunmaz. Çünki hər bir problem birbaşa və ya dolayısı ilə bununla əlaqəlidir.
Məsələn, R4+E4-ün danışıqlar və diplomatiya çağırışı etdiyi ABŞ-İran müharibəsinin bir tərəfi Fələstin məsələsidir. İran Fələstini dəstəkləməsəydi və İsraillə münasibətlərini normallaşdırsaydı, bu müharibə olmazdı. Belə ki, şah dövründə İsrail-İran münasibətləri yaxşı idi, İran ABŞ-nin bölgədəki ən mühüm müttəfiqlərindən biri idi.
Bəs Səudiyyə-Husi müharibəsi Fələstin məsələsindən müstəqildirmi? Əlbəttə, dolayısı ilə əlaqəsi var. Çünki Husilər İsrailin hücumları qarşısında fələstinliləri dəstəkləyirlər. Üstəlik, bu dəstəyi bəyanatlarla deyil, birbaşa İsrailə raket atmaqla göstərirlər. Məhz buna görə də Husilərə yalnız səudiyyəlilər deyil, ABŞ, İsrail və onların müttəfiqi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) də hücum edir. Husilər Fələstini dəstəkləməsəydi, İsraili vurmasaydı və İranın müttəfiqi olmasaydı, ABŞ çoxdan Səudiyyə-Husi sülhünü təmin edərdi.
SƏUDİYYƏLİLƏRİN İKİLİ MÖVQEYİ
İsrailin Kanal 7 televiziyasında Netanyahu ilə bir müsahibə var idi. Aparıcının “Səudiyyə Ərəbistanı kimi ölkələrin Fələstin dövlətinin qurulmasını münasibətlərin normallaşdırılması üçün şərt kimi irəli sürdüklərini eşidirik” sözünü “Əgər bu cəfəngiyyata inanırsınızsa…” deyərək gülüşlə yarımçıq kəsən Netanyahu belə davam etdi: “İctimaiyyət qarşısında bunu deyirlər. Bağlı qapılar arxasında nələrin danışıldığını sizə söyləmək istəmirəm. Ərəb dünyası fələstinlilərə ən çox sizin qədər əhəmiyyət verir!”
Səudiyyə Ərəbistanı rəhbərliyi həqiqətən də Fələstin məsələsinə nə qədər əhəmiyyət verir? İki il əvvəl ABŞ-nin dövlət katibi Entoni Blinkenin ərəb liderlərlə apardığı “qapalı diplomatik görüşlər” barədə xəbər hazırlayan The Atlantic jurnalı şahzadə Salmanın Blinkenə belə dediyini yazmışdı: “Fələstin məsələsi şəxsən mənim vecimədirmi? Xeyr, amma xalqımın vecinədir. Buna görə də bu prosesin mənalı bir nəticə verəcəyinə əmin olmalıyam.”
HUSİLƏR İSRAİLLƏ MÜHARİBƏ APARIRLAR
Bölgəmizdəki hər bir məsələnin təməlində birbaşa və ya dolayısı ilə Fələstin məsələsi dayanır. Fələstin məsələsində deyilənlərlə edilənlər arasında isə uçurum var.
Hazırda Fələstinə dəstək verən və İsraili vuran yeganə ərəb dövləti Husilərin idarə etdiyi Yəməndir. Səudiyyəlilərin dəstəklədiyi Yəmən “hökuməti” isə Ər-Riyaddakı bir hoteldədir.
Məkkə İttifaqı məsələsinə, xahiş edirəm, bir də bu baxımdan baxın.
