Tanzaniyada kütləvi azadlıqlar: Müxalifət dekabrda yenidən meydanlara çıxır
Tanzaniya hakimiyyəti, 29 oktyabr prezident və parlament seçkiləri günü baş verən kütləvi etirazlara görə xəyanət ittihamı ilə saxlanılan 100-dən çox gənci azad edib. Şiddətli toqquşmaların yaşandığı həmin gün ölkədə internet kəsilmiş, yüzlərlə adam həbslərə məruz qalmışdı.
Bu addım prezident Samia Suluho Hassanın yenidən seçilməsindən sonra verdiyi “gərginliyi azaltma” vədi çərçivəsində atılıb. O, seçkilərdə 98% səslə qalib elan edilmişdi.
Bununla belə, son həftələrdə hökumətin onlarla fəal və sosial şəbəkə istifadəçisini yeni ittihamlarla saxlaması, ölkədə sərt nəzarətin davam etdiyi barədə narahatlıqları artırıb.
Müxalifət: 9 dekabrda yenidən kütləvi aksiyalar
Müxalif qüvvələr artıq 9 dekabr 2025-ci il üçün yeni genişmiqyaslı etiraz dalğasına hazırlaşdıqlarını açıqlayıblar. Aksiya təşkilatçıları hökumətin repressiyalarını dayandırmasını və seçkilərin nəticələrinin yenidən qiymətləndirilməsini tələb edir.
“Saxtalaşdırılmış seçkilər” və yüzlərlə qurban iddiası
29 oktyabr seçkiləri həm müxalifət, həm də beynəlxalq müşahidəçilər tərəfindən geniş şəkildə “saxtalaşdırılmış” kimi qiymətləndirilib. Müxalifət həmin gün baş verən zorakılıqlarda yüzlərlə insanın öldürüldüyünü bildirir, lakin hökumət rəsmi statistikanı açıqlamaqdan imtina edir.
Həmçinin iddia olunur ki, təhlükəsizlik qüvvələri interneti kəsdiyi müddətdə öldürülən insanların cəsədlərini kütləvi məzarlıqlarda gizlədib.
Hakimiyyətin reaksiyası və tənqidlər
14 noyabrda prezident Hassan etirazlarda ölən insanlar barədə araşdırma aparacaq bir komissiya yaratdığını elan edib. Lakin hüquq müdafiə təşkilatları bu addımı:
“Hökumətin imicini düzəltməyə yönəlmiş formal bir jest”
kimi qiymətləndirir.
17 noyabrda isə bir neçə beynəlxalq təşkilat Tanzaniya hakimiyyətini insan hüquqları pozuntularını ört-basdır etməkdə ittiham edib.
