Vaşinqton Post: Tramp seçimini edib
ABŞ-nin “The Washington Post” nəşrinin məlumatına görə, Donald Tramp təxminən iki həftə əvvəl Respublikaçılar Partiyasının iri donorları ilə keçirdiyi qapalı görüşdə gələcək prezident seçkiləri ilə bağlı mövqeyini bölüşüb.
Məlumata əsasən, Tramp görüş iştirakçılarına “Sonda Cey Di Vensi seçməliyik” deyərək vitse-prezidenti Cey Di Vensi növbəti prezident seçkilərində dəstəklədiyini bildirib.
Vens əsas favorit sayılır
Son aylarda həm ABŞ-nin vitse-prezidenti Cey Di Vens, həm də dövlət katibi Marko Rubio Respublikaçılar Partiyasının gələcək prezidentliyə əsas namizədləri kimi göstərilirdi.
Lakin son məlumatlar Trampın seçimində Vensə üstünlük verdiyini göstərir.
Rəsmi açıqlama yaxın vaxtlarda verilə bilər
Trampa yaxın mənbələrin bildirdiyinə görə, ABŞ Prezidenti yaxın vaxtlarda Cey Di Vensi rəsmi şəkildə dəstəklədiyini elan edə bilər.
Bununla yanaşı, digər mənbələr Trampın mövqeyinin hələ tam qəti olmadığını bildirirlər. Onların sözlərinə görə, Tramp müxtəlif auditoriyalara fərqli mesajlar verir və son anda qərarını dəyişə bilər.
ABŞ rəsmilərindən biri bildirib ki, bu məsələnin artıq yekunlaşdığını düşünənlər ya tələsik nəticə çıxarırlar, ya da Trampın qərarvermə tərzini kifayət qədər tanımırlar.
Rubio vitse-prezident ola bilər
ABŞ mediasında yayılan digər məlumatlara görə, Cey Di Vensin prezidentliyə namizəd göstərilməsi halında, Marko Rubionun onun vitse-prezidentliyə namizədi ola biləcəyi də müzakirə edilir.

