Sumqayıtda 750 abonent qazsız qalacaq
Sabah – 24 noyabr 2025-ci il tarixində Sumqayıt şəhərinin bir hissəsində qaz verilişində fasilə yaranacaq. “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt QİS-dən verilən məlumata görə, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar Çerkassi küçəsində yerləşən 750 abonentə saat 10:00-dan etibarən qazın verilişi dayandırılacaq.
Qurum bildirib ki, işlər yekunlaşdıqdan dərhal sonra qaz təchizatı tam bərpa olunacaq.
Paytaxtın bir neçə rayonunda su təchizatı dəyişəcək
Bakı və Abşeron ətrafında içməli su ilə bağlı məhdudiyyətlər də gözlənilir. Oğuz–Qəbələ–Bakı su kəmərinin istismar dayanıqlığının artırılması məqsədilə aparılacaq texniki işlər çərçivəsində 25–29 noyabr tarixlərində bəzi ərazilərə suyun verilmə rejimində dəyişiklik ediləcək.
Məlumata əsasən, Xəzər, Yasamal, Sabunçu, Xətai, Abşeron rayonlarının, həmçinin Xırdalan şəhərinin müəyyən hissələrində suyun verilməsi qrafik üzrə həyata keçiriləcək və bəzi saatlarda təchizatda məhdudiyyət yarana bilər.
Aidiyyəti qurumlar vətəndaşları əvvəlcədən ehtiyat su toplamağa çağırır və görülən işlərin infrastrukturun daha dayanıqlı fəaliyyətini təmin etməyə yönəldiyini bildirirlər.
