“Azəriqaz”ın qaz itkisi milyonlarla manatlıq zərər yaradıb
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, “Azəriqaz” İstehsalat Birliyində qaz itkiləri artıb. Cari ilin yanvar-iyun aylarında ölkənin ümumi qaz ehtiyatları fonunda itkilərin payı 2,5 faiz təşkil edib.
Hesabat dövründə 22 milyard 258,9 milyon kubmetr qaz ehtiyatı olduğu halda, bunun 556,5 milyon kubmetri itkiyə gedib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 37,8 milyon kubmetr çoxdur. Beləliklə, qaz itkilərinin həcmi əvvəlki dövrlə müqayisədə 7,3 faiz artıb.
Təbii qazın qaz paylayıcılarına topdansatış qiymətinin 1000 kubmetr üçün 135 manat olması nəzərə alınarsa, ilin ilk yarısında itirilən qazın maliyyə dəyəri təxminən 75 milyon manatdan çox hesablanır.
Rəsmi rəqəmlərdən daha böyük itkilər
Məsələ ilə bağlı yayılan sənədlərdə isə real itkilərin rəsmi statistikadan daha yüksək olduğu göstərilir.
SOCAR rəhbərliyindən “Azəriqaz” rəhbərliyinə göndərilən məktubda ilin ilk beş ayının nəticələri ilə bağlı narahatlıq ifadə olunub.
Sənəddə qeyd olunur ki, uçota alınmayan qazın həcmi əvvəlki ilin eyni dövründəki 454,1 milyon kubmetrdən 500,9 milyon kubmetrə yüksəlib.
Həmin dövrdə itki səviyyəsinin də 9,7 faizdən 10,4 faizə çatdığı bildirilib.
Məktubda bu artımın qaz itkilərinin azaldılması istiqamətində görülən tədbirlərin gözlənilən nəticəni vermədiyini göstərdiyi vurğulanıb.
Qaz itkilərinin səbəbləri açıqlanıb
Sənəddə qaz itkilərinin əsas səbəbləri sırasında köhnəlmiş qazpaylayıcı şəbəkələr, texniki problemlər, qanunsuz qoşulmalar və nəzarət mexanizmlərindəki çatışmazlıqlar göstərilir.
Bildirilib ki, müxtəlif bölgələrdə qanunsuz qaz istifadəsi halları aşkarlanıb və bu istiqamətdə nəzarətin gücləndirilməsinə ehtiyac var.
Ən yüksək mənfi dinamikanın Salyan, Ağsu, Xaçmaz və Sumqayıt regional qaz istismarı idarələrində qeydə alındığı qeyd edilir.
Bununla yanaşı, Bakı, Gəncə, Lənkəran, Zaqatala və Qarabağ regional idarələrində də qaz itkiləri üzrə mənfi göstəricilər müşahidə olunub.
Qaz itkiləri əvvəl də böyük problem olub
Azərbaycanda qaz itkiləri ilə bağlı ən ciddi vəziyyət 2015-ci ildə yaşanıb. Həmin il itkilərin həcmi 1,2 milyard kubmetrə çatıb.
Bundan sonra müəyyən sabitlik yaransa da, son illərdə itkilərin yenidən artdığı bildirilir.
2024-cü ildən etibarən qaz itkilərinin yüksələn xətt üzrə davam etdiyi və illik göstəricinin 1 milyard kubmetri keçdiyi qeyd olunur.
Ekspertlərin hesablamalarına görə, bu dinamikanın davam etməsi enerji sektorunda əlavə maliyyə yükü yarada bilər.
İxrac yüksək olsa da, daxili itkilər diqqət çəkir
Cari ilin ilk yarısında Azərbaycanda istehsal olunan əmtəəlik qazın 6,5 milyard kubmetri daxili istehlaka yönəldilib.
Bunun 56,8 faizi istehsal ehtiyaclarına sərf olunub, 43,2 faizi isə əhaliyə satılıb.
Eyni dövrdə ölkədən ixrac olunan təbii qazın həcmi 13 milyard 377,6 milyon kubmetr təşkil edib.
Enerji ixracının yüksək səviyyədə qalmasına baxmayaraq, daxili qaz şəbəkələrində itkilərin artması idarəetmə və infrastruktur məsələlərini yenidən gündəmə gətirib.
