Bakı metrosunun genişlənməsinə Türkiyə dəstəyi
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON Holding) tərkibində fəaliyyət göstərən Bakı Metropoliteninin genişləndirilməsi layihəsinə Türkiyənin “Metro İstanbul A.Ş.” şirkəti kömək edəcək. Bu əməkdaşlıq çərçivəsində İstanbul metrosunun təcrübəsi paytaxtın metro infrastrukturunun inkişafına tətbiq edilməyə çalışılacaq.
“Bakı Metropoliteni” QSC-nin məlumatına görə, “Metro İstanbul” layihə çərçivəsində mühəndislik işləri üzrə peşəkar məsləhət xidməti göstərəcək.
Yarım milyon manatlıq müqavilə
Bir müddət əvvəl “Metro İstanbul” Bakı Metropoliteninin modernləşdirilməsi və genişləndirilməsi üzrə məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı rəsmi müqavilə imzalayıb. Sazişə əsasən, Türkiyə şirkəti mühəndislik məsləhəti üçün 586 500 manat alacaq.
“Metro İstanbul”un baş direktor müavini Fatih Gültekin yeni beynəlxalq əməkdaşlıq müqaviləsi imzalamaqdan və Bakının inkişafına dəstək olmaqdan məmnun olduqlarını bildirib.
Aprel görüşü və əməkdaşlıq istiqamətləri
Bu ilin aprel ayında “Bakı Metropoliteni” QSC-də “Metro İstanbul” nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşdə iki metro qurumu arasında uzunmüddətli əməkdaşlığın gücləndirilməsi, innovativ texnologiyaların tətbiqi və rəqəmsal həllər üzrə təcrübə mübadiləsi əsas mövzulardan biri olub.
Müzakirələr zamanı data əsaslı qərarvermə yanaşmaları, data analitikası və real vaxt məlumatlarının işlənməsi imkanları diqqət mərkəzində olub. Nəqliyyat sistemlərində rəqəmsal texnologiyaların tətbiqi, sərnişin axınının optimallaşdırılması və dispetçer idarəetməsində innovativ həllər üzrə fikirlər mübadilə olunub.
Perspeklər və infrastruktur planları
Tərəflər İstanbul metrosunun son illərdəki inkişaf təcrübəsini və Azərbaycanın 2025–2030-cu illər üzrə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan Dövlət Proqramı kontekstində potensial əməkdaşlıq istiqamətlərini də dəyərləndiriblər.
Nümayəndə heyəti həmçinin Bakı metrosunun müxtəlif sahələrində əməliyyat proseslərini yerində izləyib və real infrastruktur elementləri ilə tanış olub.
