Hesablama Palatası: AzTV-də 26 Milyon Manatlıq Maliyyə Uyğunsuzluğu Aşkarlanıb

3 Dəq Oxuma Müddəti

Hesablama Palatası AzTV-də ciddi maliyyə uyğunsuzluqları aşkarladı

Hesablama Palatasının “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə rəyi”ndə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də aparılan auditin nəticələri açıqlanıb. Nəticələrə əsasən, AzTV-də ümumilikdə 26 milyon manat vəsait əməkhaqqı kimi deyil, qonorar formasında ödənilib.

Sənəddə göstərilir ki, bu məbləğin 11,3 milyon manatı 2023-cü ildə, 11,6 milyon manatı 2024-cü ildə, 3,1 milyon manatı isə 2025-ci ilin ilk rübündə işçilərə qonorar adı ilə verilib.

Sosial təminat hüquqları pozulub

Hesablama Palatasının rəyinə əsasən, bu praktika əmək münasibətlərinin mülki-hüquqi münasibət kimi yanlış təsnifinə gətirib çıxarıb. Nəticədə, Əmək və Vergi Məcəllələrinin tələblərinə zidd olaraq məcburi sosial ayırmalar tam şəkildə həyata keçirilməyib. Bu isə işçilərin pensiya və sosial təminat hüquqlarının məhdudlaşdırılmasına səbəb olub.

Qurum bildirir ki, bu cür ödəmə mexanizmi dövlət büdcəsindən ayrılan vəsaitlərin qanunauyğun xərclənməsi prinsiplərinə uyğun deyil və gələcəkdə analoji halların qarşısını almaq üçün nəzarət mexanizmləri gücləndirilməlidir.

AzTV rəhbərliyi: “Qonorar sistemi illərdir tətbiq olunur”

AzTV-nin mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, məsələ ilə bağlı Hesablama Palatası ilə danışıqlar aparılır və qonorar sistemindən tamamilə imtina etmək yaxın zamanda mümkün görünmür:

“Televiziya yarandığı gündən həm maaş, həm də qonorar sistemi ilə fəaliyyət göstərib. Əməkdaşlara gördükləri işin sayına və keyfiyyətinə görə hər iki növ ödəniş edilir. Qonorarın tam ləğvi məhsuldarlığa və efir keyfiyyətinə mənfi təsir göstərə bilər.”

Qurum həmçinin vurğulayıb ki, əmək münasibətlərinin tənzimlənməsi istiqamətində keçid prosesi artıq başladılıb:

“Keçid mərhələli şəkildə həyata keçirilir və 2026-cı ilin sonunadək tam maaş sisteminə keçidin yekunlaşacağı planlaşdırılır.”

Ekspertlər: “Palata real təsir gücünə malik deyil”

Müstəqil iqtisadçılar və media ekspertləri Hesablama Palatasının audit nəticələrinin vacib olmasına baxmayaraq, qurumun real təsir gücünün məhdud olduğunu bildirirlər. Onların fikrincə, Palata çox vaxt yalnız faktları qeyd edir, lakin maliyyə məsuliyyətinə cəlbetmə mexanizmlərini tətbiq etmir.

Palata rəhbərliyi isə bu iddiaları rədd edərək, fəaliyyətlərinin qanunvericiliyə və dövlət nəzarəti prinsiplərinə tam uyğun aparıldığını vurğulayıb.

Hesablama Palatasının AzTV ilə bağlı hesabatı dövlət müəssisələrində əmək münasibətlərinin şəffaflığı və büdcə vəsaitlərinin xərclənməsi məsələlərini yenidən gündəmə gətirib. Ekspertlər bu cür hallarının qarşısının alınması üçün əməkhaqqı mexanizmlərinin rəqəmsallaşdırılmasını və ictimai hesabatlılığın artırılmasını vacib sayırlar.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş