Qəzzada daimi atəşkəs razılaşması əldə olunub
Fələstin HƏMAS hərəkatının Qəzza üzrə rəhbəri və fələstinli danışıqlar heyətinin başçısı Xəlil əl-Həyyə Qəzzaya qarşı müharibənin və İsrailin hərbi əməliyyatlarının sona çatdığını bəyan edib. Onun sözlərinə görə, tərəflər arasında daimi atəşkəsin tətbiqi, işğalçı qüvvələrin Qəzzadan tam çıxarılması, humanitar yardımın maneəsiz daxil olması və Rəfah sərhəd-keçid məntəqəsinin iki istiqamətdə açılması barədə razılaşma əldə olunub.
Əl-Həyyə bildirib ki, HƏMAS hərəkatı vasitəçilərdən və ABŞ administrasiyasından müharibənin tamamilə bitdiyini təsdiqləyən rəsmi təminatlar alıb. O vurğulayıb ki, bütün tərəflər bu mərhələnin müharibənin sonu olduğunu açıq şəkildə bəyan ediblər.
Əsirlərin azad edilməsi razılaşdırılıb
Razılaşmaya əsasən, İsrail ömürlük həbs cəzası çəkən 250 fələstinli əsiri, həmçinin 2023-cü il 7 oktyabrdan sonra Qəzza zolağından həbs edilən 1700 nəfəri azad edəcək. Bundan əlavə, bütün uşaqlar və qadın məhbuslar da azadlığa buraxılacaq.
“Qəzza xalqı dünyaya misilsiz iradə göstərdi”
Xəlil əl-Həyyə çıxışında qeyd edib ki, Qəzza sakinləri bütün dünyanın heyranlıqla izlədiyi bir müqavimət nümunəsi ortaya qoydular. Onun sözlərinə görə, xalq qətl, aclıq, köç və dağıntılara baxmayaraq, geri çəkilmədi və “düşmənin zülmünə qarşı dağ kimi dayandı”.
Əl-Həyyə həmçinin 7 oktyabr 2023 hadisələrində şəhid olanlara və “Tufan əməliyyatı”nın liderlərinə – İsmayıl Həniyyə, Saleh əl-Aruri, Yəhya əs-Sinvar və Məhəmməd əz-Zeyf – ehtiramını bildirib və onları “müqavimətin rəmzləri” adlandırıb.
Müqavimət qüvvələrinə və beynəlxalq dəstəyə təşəkkür
HƏMAS rəsmisi Qəzza xalqının mübarizəsinə dəstək verən ölkələrə və hərəkatlara, o cümlədən Yəmən, Livan, İraq və İran İslam Respublikasına təşəkkürünü ifadə edib. O, həmçinin Qəzza ilə həmrəylik göstərən dünya azad insanlarını və azadlıq karvanlarında iştirak edənləri minnətdarlıqla yad edib.
Əl-Həyyə çıxışının sonunda vurğulayıb ki, Qəzza iki il ərzində Qüds və Əl-Əqsa məscidini müdafiə edib, və bu mübarizənin bundan sonra da milli və islami qüvvələrlə birgə davam etdiriləcəyini bəyan edib.