“Üç qardaşa xüsusi missiya verilib”
“Financial Times” qəzetinin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan İranla gərginliyin azaldılması istiqamətində səylərə rəhbərlik etməyi üç qardaşına tapşırıb.
Bildirilib ki, bu vəzifə vitse-prezident Mənsur bin Zayed, xarici işlər naziri Abdullah bin Zayed və milli təhlükəsizlik müşaviri Təhnun bin Zayedə həvalə olunub.
Tehranla birbaşa təmaslar başlayıb
Nəşrin məlumatına görə, ABŞ və İran arasında əldə olunan atəşkəsdən bir həftə sonra Mənsur bin Zayed İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafla telefon danışığı aparıb.
Həmçinin, xarici işlər naziri Abdullah bin Zayed ötən ay iranlı həmkarı Abbas Əraqçi ilə müharibədən sonra ilk telefon danışığını həyata keçirib.
Məqalədə qeyd olunur ki, Körfəz ölkələri kimi BƏƏ də coğrafi reallıqları nəzərə alaraq İranla münasibətlərdə daha praqmatik siyasət yürütməyə çalışır.
İqtisadi əməkdaşlıq ön plana çıxır
Nəşr yazır ki, ABŞ Prezidenti Donald Trampla Tehran arasında imzalanan anlaşma və Hörmüz boğazının yenidən açılması istiqamətində əldə olunan razılaşmalar BƏƏ ilə İran arasında iqtisadi təşəbbüsləri sürətləndirib.
Məlumata görə, BƏƏ bəzi ticarət əlaqələrinin bərpasına və İran aviaşirkətlərinin uçuşlarının yenidən həyata keçirilməsinə razılıq verib.
İnvestisiya planları müzakirə olunur
“Financial Times” qeyd edir ki, İranla ticarət əlaqələri xüsusilə Dubay iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır. Şəhərdə yüz minlərlə iranlı yaşayır və iki ölkə arasında geniş iqtisadi əlaqələr mövcuddur.
Nəşrin məlumatına əsasən, BƏƏ-də enerji, liman və logistika sektorlarına investisiya qoyuluşu imkanları da nəzərdən keçirilir. Lakin bunun ABŞ və beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra mümkün olacağı vurğulanır.
“Çeviklik” yeni strategiyanın əsasıdır
Məqalədə bildirilir ki, BƏƏ rəhbərliyi hazırkı geosiyasi şəraiti “nə tam müharibə, nə də tam sülh” dövrü kimi qiymətləndirir.
Bu səbəbdən ölkə yalnız hərbi imkanlarını artırmağa deyil, həm də enerji infrastrukturu, logistika şəbəkələri və süni intellekt sahəsində istifadə olunan məlumat mərkəzlərinin təhlükəsizliyini gücləndirməyə çalışır.

