“Naxtel” dekabrda fəaliyyətini dayandırır
Naxçıvanın yeganə regional mobil operatoru “Naxtel” rəsmi açıqlama yayaraq 1 dekabr 2024-cü ildən etibarən fəaliyyətini dayandıracağını bildirib. Şirkət abunəçilərinə nömrələrini qorumaq üçün ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – “Azercell”, “Bakcell” və “Nar”a müraciət etməyi tövsiyə edib.
2015-ci ildə təsis edilən “Naxtel” 2018-ci ilin məlumatına görə, təxminən 30 min abunəçiyə xidmət göstərib. Son illərdə şirkətin rəhbərliyində dəyişikliklər baş verib, hətta mobil operatorun “Azercell” tərəfindən satın alınacağı ilə bağlı iddialar da gündəmə gəlib. Lakin bütün ehtimallardan sonra “Naxtel”in qəfil bağlanacağı açıqlanıb.
Sosial şəbəkələrdə etiraz dalğası
Qərar ictimaiyyət və ekspertlər arasında geniş müzakirələrə səbəb olub. Xüsusilə Naxçıvanın İran və Ermənistanla sərhəddə yerləşməsi fonunda milli rabitə infrastrukturunun ləğvi təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.
Rabitə eksperti Osman Gündüz bildirib ki, “Naxtel” muxtar respublikanın ən ucqar kəndlərini belə 4G xidməti ilə təmin edirdi və İran tərəfindən siqnal müdaxilələrinin qarşısının alınmasında mühüm rol oynayırdı. Onun sözlərinə görə, “Naxtel”in bağlanması ilə bəzi ərazilərdə rabitə boşluğu yarana, hətta telefonlarda “İrana xoş gəlmisiniz” mesajı görünə bilər:
“Bu hadisə təkcə telekommunikasiya deyil, həm də milli təhlükəsizlik məsələsidir. Tənzimləyici qurumların prosesdən kənarda qalması isə ciddi suallar doğurur”.
Abunəçilərin narahatlığı
Naxçıvanda yaşayan sakinlərin bir qismi digər mobil operatorlara keçidin onlar üçün bəzi üstünlüklər yarada biləcəyini düşünür. Məsələn, “Naxtel” nömrələri muxtar respublikadan kənarda istifadə edilə bilmədiyi üçün abunəçilər Bakıya gələndə əlavə nömrə almalı olurdular. Lakin indi “Azercell” və ya “Bakcell” nömrələri ilə ölkənin hər yerində xidmət əldə edə biləcəklər.
Bununla belə, əsas narahatlıq tariflərlə bağlıdır. Çünki “Naxtel”in paketləri daha sərfəli idi – məsələn, 20 manata 40 GB internet və limitsiz daxili danışıqlar təklif edilirdi. Sosial şəbəkələrdə yazan abunəçilər bildirirlər ki, bu cür sərfəli xidmət bazarda rəqabət yaradaraq digər operatorların qiymət siyasətinə təsir göstərmişdi.
Rəsmi açıqlama yoxdur
Hazırda “Naxtel”in bağlanma səbəbləri ilə bağlı nə mobil operatorlardan, nə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən rəsmi açıqlama verilib. Bu isə məsələnin əsl səbəbləri ilə bağlı sualların açıq qalmasına gətirib çıxarıb.
“Naxtel”in taleyi ilə bağlı müzakirələr isə həm təhlükəsizlik, həm də sosial-iqtisadi müstəvidə davam edir.