Britaniyada Aclıq Böhranı: 14 Milyon İnsan Qida Çatışmazlığı İlə Üz-Üzə

3 Dəq Oxuma Müddəti

Britaniyada aclıq böhranı böyüyür

Böyük Britaniyada aclıq böhranı getdikcə ağırlaşır. Gıda bankası şəbəkəsi Trussell Trust tərəfindən yayımlanan son hesabatda, 14 milyondan çox insanın gündəlik qida ehtiyaclarını qarşılaya bilmədiyi bildirilib. Onların arasında 3,8 milyon uşağın olması isə vəziyyətin nə qədər təhlükəli həddə çatdığını göstərir. Bu, ölkədə hər dörd uşağın birinin aclıq təhlükəsi ilə üzləşməsi deməkdir.

İki ildə 2,5 milyon nəfər əlavə olaraq aclığa sürüklənib

Məlumata görə, 2022-ci ildə 11,6 milyon olan aclıq yaşayan insanların sayı cəmi iki il ərzində 2,5 milyon artaraq 14 milyona çatıb. Ekspertlər, böhranın əsas səbəbləri arasında aşağı gəlir səviyyəsini, sosial yardımın yetərsizliyini, artan kirayə və enerji xərclərini göstərirlər.

Ən çox uşaqlar risk altındadır

Araşdırma göstərir ki, 5 yaşdan kiçik uşaqların 31 faizi qida təminatı zəif olan ailələrdə yaşayır. Qida bankalarına müraciət edən ailələrin üçdə birinin işləyən valideynlərdən ibarət olması, artıq maaşlı işin belə insanları yoxsulluqdan qorumağa kifayət etmədiyini ortaya qoyur.

Köməkçi məlumatlara əsasən, xüsusi ev kirayəçilərinin 28 faizi, sosial mənzil kirayəçilərinin isə 44 faizi qida güvənliyindən məhrumdur. Ev sahibləri arasında bu göstərici 8 faizlə daha aşağıdır.

Hökumətə təzyiq artır

Araşdırmanı hazırlayan mütəxəssislər, hakimiyyətdəki İşçi Partiyasına təcili addımlar atmaq çağırışı ediblər. Xüsusilə, “iki uşaq limiti” adlanan yardım məhdudiyyətinin ləğvi tələb olunur. Hesablama göstərir ki, bu siyasət aradan qaldırılacağı təqdirdə, 670 min nəfər ağır yoxsulluqdan çıxacaq, onların 470 mini isə uşaq olacaq.

Uşaq Yoxsulluğu üzrə Fəaliyyət Qrupunun rəhbəri Alison Qarnham bildirib:

“Bu məhdudiyyət hər gün yüzlərlə uşağı yoxsulluğa sürükləyir. Əgər ləğv olunmazsa, bu parlament dövrünün sonunda uşaq yoxsulluğu indidən daha yüksək olacaq.”

“Siyasi biabırçılıq”

Müxalifət təmsilçiləri də vəziyyətin kəskinliyini vurğulayıb. İşçi Partiyasının deputatı Kim Conson aclığı “siyasi uğursuzluğun skandal nümunəsi” adlandırıb. Müstəqil deputat Reyçel Maskell isə artan yaşayış xərclərinin və kirayələrin ailələri əzdiyini bildirib, hökuməti ciddi yoxsulluqla mübarizə strategiyası açıqlamağa çağırıb.

Hökumətin cavabı

Böyük Britaniya Əmək və Pensiya Nazirliyi açıqlama yayaraq, qida bankalarına asılılığın qarşısını almaq üçün tədbirlər gördüklərini bildirib:

“Aşağı gəlirli uşaqların ac qalmasının qarşısını almaq üçün 1 milyard funt sterlinq dəyərində dəstək paketi təqdim etmişik. Buraya pulsuz məktəb yeməkləri və tətil dövründə qida yardımı daxildir.”

Nazirlik həmçinin sosial yardım sistemində dəyişikliklər və məşğulluq proqramları ilə insanları daha sabit iş yerlərinə yönləndirməyi hədəflədiklərini qeyd edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş