Məmdanidən Netanyahu ilə bağlı açıqlama
Nyu-York meri Zöhran Məmdani sionist rejimin Baş naziri Benyamin Netanyahunun sentyabr ayında BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələcəyi təqdirdə şəhər rəhbərliyinin onu həbs etmək səlahiyyətinin olmadığını bildirib.
O, daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahu barəsində çıxardığı həbs qərarı ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.
“Bu səlahiyyət federal hökumətə məxsusdur”
Məmdani xatırladıb ki, BCM Netanyahu barəsində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ittihamı ilə həbs qərarı çıxarıb.
Onun sözlərinə görə, Qəzzada mülki şəxslərin həlak olması, xəstəxanaların hədəfə alınması, humanitar yardım işçilərinin və jurnalistlərin öldürülməsi ilə bağlı iddialar beynəlxalq hüquqi araşdırma tələb edir.
Məmdani əlavə edib ki, şəhər rəhbərliyinin BCM-nin qərarını müstəqil şəkildə icra etmək üçün hüquqi səlahiyyəti yoxdur.
“ABŞ BCM-yə qoşulmalıdır”
Nyu-York meri bildirib ki, bu qərarın icrası federal hökumətin səlahiyyətinə daxildir.
O, Vaşinqtonu Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağa və məhkəmənin çıxardığı qərarların icrasını təmin etməyə çağırıb.
Məmdani vurğulayıb ki, Netanyahu və müharibə cinayətlərində ittiham olunan digər şəxslərin Nyu-Yorkda yeri olmadığını düşünür. O, daha əvvəl də Netanyahunun yerinin Haaqa olduğunu bildirmişdi.
Netanyahu ittihamları rədd edir
İşğalçı İsrailin Baş naziri Benyamin Netanyahu isə Məmdaninin açıqlamalarına sərt reaksiya verib.
Netanyahu Nyu-York merini Yaxın Şərqdəki yeganə demokratik dövlətin rəhbərinə qarşı çıxmaqda ittiham edib. O, həmçinin BCM-nin ABŞ və sionist rejimin vətəndaşları üzərində hüquqi yurisdiksiyasının olmadığını müdafiə edib.
BCM-nin qərarı
Beynəlxalq Cinayət Məhkəməsi 2024-cü il noyabrın 21-də Qəzzada törədildiyi iddia olunan müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə bağlı sionist rejimin Baş naziri Benyamin Netanyahu və ölkənin sabiq müdafiə naziri Yoav Qallant barəsində həbs qərarı çıxarmışdı.
Sionist rejim hökuməti bu ittihamları rədd edir və BCM-nin qərarını tanımadığını bəyan edib.

