ABŞ İranın Cənubuna Yeni Zərbələr Endirdi: Şəhid və Yaralananlar Var

2 Dəq Oxuma Müddəti

İranın cənubunda yeni hücumlar

İran mediasının məlumatına görə, ABŞ Hürmüzqan, Buşehr və Xuzistan əyalətlərində yeni hərbi zərbələr endirib.

Hadisələr ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) İrana qarşı yeni əməliyyatların həyata keçirildiyini açıqlaması ilə eyni vaxta təsadüf edib.

Bir neçə bölgədə partlayışlar baş verib

İranın Fars agentliyi Buşehr şəhəri yaxınlığında iki partlayış baş verdiyini bildirib.

İran dövlət televiziyası isə Hürmüzqan əyalətinin Sirik rayonuna bağlı Ziyarət və Bəmani yaşayış məntəqələri yaxınlığında, həmçinin Sirik limanında güclü partlayış səslərinin eşidildiyini xəbər verib.

Bununla yanaşı, Xuzistan əyalətinin Ramşir bölgəsində də partlayış baş verdiyi bildirilib.

Şələmçə sərhəd-keçid məntəqəsi yaxınlığında itkilər qeydə alınıb

Mehr agentliyinin məlumatına görə, ABŞ-nin zərbələrindən biri İraqla sərhəddə yerləşən Şələmçə keçid məntəqəsi yaxınlığını hədəfə alıb.

Xuzistan rəsmilərinin açıqlamasına əsasən, bu hücum nəticəsində 2 nəfər şəhid olub, 11 nəfər yaralanıb.

Bundan əvvəl yerli təhlükəsizlik rəsmisi keçid məntəqəsi yaxınlığında baş verən hücum nəticəsində xəsarət alan olmadığını bildirmişdi.

Buşehr və Cask da hədəfə alınıb

Məlumata görə, səhər saat 04:30 radələrində ABŞ Buşehrdə yerləşən hərbi obyektlərdən birinə ikinci raket zərbəsi endirib.

Nur News agentliyi isə Hormozqan əyalətinin Cask limanında iki partlayış səsinin eşidildiyini yazıb.

Bundan əlavə, Kirmanşah əyalətinin İslamabad şəhərinə də ABŞ tərəfindən zərbə endirildiyi bildirilib.

İran Səhiyyə Nazirliyi yeni statistika açıqlayıb

İran Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, iyunun 27-dən etibarən ABŞ-nin ölkəyə qarşı bərpa etdiyi hücumlar nəticəsində 53 nəfər şəhid olub, 592 nəfər yaralanıb.

Nazirlik bildirir ki, hücumlar əsasən limanlara, sahil müşahidə qüllələrinə, strateji obyektlərə və mülki infrastruktura yönəlib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş