Yəmən ordusu yeni hərbi əməliyyat keçirdiyini açıqlayıb
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, qüvvələr Səudiyyə Ərəbistanına məxsus olduğu deyilən “ENCELIA” və “LAYLA” adlı iki neft tankerini hədəfə alıb.
Onun sözlərinə görə, əməliyyat Yəmənin elan etdiyi dəniz blokadasının pozulduğu səbəbi ilə həyata keçirilib.
Raket və pilotsuz uçuş aparatlarından istifadə edildiyi bildirilib
Yəhya Səri açıqlamasında qeyd edib ki, əməliyyat zamanı ballistik raketlərdən, qanadlı raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə olunub.
O, hücumların hədəfləri dəqiq vurduğunu açıqlanıb.
“10-a yaxın gəmi geri çəkildi”
Yəmən Silahlı Qüvvələrinin sözçüsü əlavə edib ki, eyni əməliyyatlar çərçivəsində təxminən 10 gəmi marşrutunu dəyişərək geri qayıtmağa məcbur olub.
Səri vurğulayıb ki, Yəmən ordusu Səudiyyə Ərəbistanına qarşı dəniz əməliyyatlarını davam etdirəcək və “blokadaya blokada” strategiyasını tətbiq etməyi sürdürəcək.
Səudiyyəyə yeni xəbərdarlıq
Yəhya Səri bəyan edib ki, Səudiyyə Ərəbistanı Yəmənə qarşı yeni hərbi addım atacağı təqdirdə ölkə ərazisinin dərinliklərində yerləşən hədəflərə qarşı daha genişmiqyaslı əməliyyatlar həyata keçiriləcək.
Dəniz blokadası qüvvədədir
Bu açıqlama Yəmənin Səudiyyə Ərəbistanına qarşı elan etdiyi dəniz blokadasının qüvvəyə minməsindən sonra verilib.
Bundan əvvəl Yəmənin Səba agentliyinə danışan hərbi mənbə Silahlı Qüvvələrin xəbərdarlıqlarından sonra bir sıra gəmilərin marşrutlarını dəyişərək geri döndüyünü bildirmişdi.
Sənadakı hökumət bu tədbirlərin Yəmənə qarşı tətbiq edilən blokadaya cavab olduğunu və Qırmızı dəniz ilə Ədən körfəzində Səudiyyə Ərəbistanı ilə əlaqəli gəmiçiliyə məhdudiyyətlərin davam edəcəyini bəyan edib.

