Ərəb dünyasının tanınmış analitiki, İranlıların Livan Hizbullahındakı müttəfiqlərini müdafiə etmək üçün Təl-Əvivi alt-üst etdiyini vurğuladı.
Regional yayım edən Rai al-Youm qəzetinin baş redaktoru Abdel Bari Atvan yayımladığı analizdə İsrailin İdlibdəki “Əbu əz-Zuhur” hava limanına həyata keçirdiyi hava hücumlarını yalnız Suriyaya qarşı təcavüz deyil, eyni zamanda İslam ümmətinə və Türkiyə dövlətinə qarşı böyük bir təhqir kimi qiymətləndirdi və bu sualı verdi: İran raketləri ilə Təl-Əvivi sarsıdarkən, Ankara niyə hələ də İsrail səfirini belə ölkədən çıxarmır?
Əbu əz-Zuhur Hava Limanı: Ankaranın bəhanələrinin sonu
Abdel Bari Atvan İsrailin İdlibə qarşı hücumları qarşısında Türkiyənin səssiz qalmasına təəccübləndiyini bildirərək bunları söylədi:
“Əbu əz-Zuhur hava limanına həyata keçirilən səkkiz hava hücumu alçaldılmanın zirvəsidir. Özünü Suriyanın himayədarı və mənəvi atası kimi görən Türkiyə bu hücum qarşısında nə etdi? ‘Bura Türkiyə torpağı deyil və Netanyahunun tələsinə düşmək istəmirik’ demək həqiqətlərdən qaçmaqdır. Əgər bu hücumlar, Suriyanın cənubunun işğalı və Dəməşqin bombalanması təcavüz deyilsə, bəs təcavüz nədir?”
“Məkkə Paktı”: Testdə uğursuz olan nəhəng lövhə
Tanınınmış analitik Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı “Məkkə Paktı”na toxunaraq bunları vurğuladı:
“İsrailin bu hücumları sözügedən üçlü pakt üçün ilk praktiki sınaq idi. Bu təcavüz həmin paktın içi boş bir quruluşdan ibarət olduğunu sübut etmədimi? Əgər İdlibə qarşı hücumu dayandıra bilmirsinizsə, Məkkəni, Mədinəni və ya Pakistanı müdafiə etmək iddiasını necə irəli sürürsünüz? Bu anlaşmanın heç bir praktiki dəyəri yoxdur və yalnız siyasi nümayişdən ibarətdir.”
Atvan Türkiyənin siyasətlərinə qarşı sərt tənqidlərini davam etdirərək əlavə etdi:
“Türkiyə hökuməti daim Əməvi Dövlətindən danışır və Əməvi məscidində namaz qılmaqla öyünür. Əməvilər İslam bayrağını yüksəltdilər, bəs siz nə etdiniz? İsrail əvəzinə Suriyaya hücum etdiniz və PUA-larınızı Ukraynaya göndərdiniz. Niyə Suriya ordusuna bircə raket və ya müdafiə silahı belə göndərmədiniz? Əlinizdəki inkişaf etmiş müdafiə vasitələrindən niyə Suriya hava məkanını qorumaq üçün istifadə etmirsiniz?”
İsrailin qorxduğu yeganə aktor: İran
Ərəb dünyasının tanınmış analitiki çıxışının mühüm hissəsində İranın roluna toxunaraq belə danışdı:
“İranlıların nə etdiyinə baxın; onlar Livan Hizbullahındakı müttəfiqlərini müdafiə etmək üçün Təl-Əvivi alt-üst etdilər. İsrail İrana qarşı bircə raket belə atmağa cəsarət etmir; çünki bunun Təl-Əvivin tamamilə məhv olması anlamına gələcəyini bilir. 12 Günlük Müharibədə İsrail, İran raketləri ilə Hayfa və Dimonanı hədəf alaraq yerinə oturduldu. İsrail bunların ‘İranlı məcusilər’ olduğunu deyir; lakin Hörmüz boğazının təhlükəsizliyini təmin edən və İsrailə qarşı hərtərəfli müharibədə möhkəm dayananlar da yenə həmin iranlılardır.”
Atvan analizinin sonunda xəbərdarlıq tonunda bunları ifadə etdi:
“İsrail Türkiyənin və bəzi İslam dövlətlərinin səssizliyi fonunda daha da həyasızlaşıb. Mavi Mərmərə gəmisində baş verən hadisədə 10 Türkiyə vətəndaşı öldürüldü, amma siz İsrail səfirini belə ölkədən çıxarmadınız. Bu boyun əymənin və bəhanə yaratmağın yeganə nəticəsi Suriyada və bölgədə müqaviməti daha da alovlandırmaqdır. Biz müsəlman vətəndaşlar olaraq bu təslimiyyəti qəbul etmirik. Suriyaya edilən hər bir təcavüz bütün İslam ümmətinin izzət və şərəfinə qarşı edilmiş təcavüzdür.”
