Premyer Liqada Yeni Mövsüm Başlayır

5 Dəq Oxuma Müddəti

Premyer Liqada mövsüm pərdəsi açılır

İngiltərə Premyer Liqasının 2026-2027 mövsümü bu gün keçiriləcək “Arsenal” – “Koventri Siti” qarşılaşması ilə başlayır.

22 illik fasilədən sonra ötən mövsüm çempionluq həsrətinə son qoyan London təmsilçisi ilk turda liqanın yeni komandalarından olan “Koventri Siti”ni qəbul edəcək.

“Emireyts” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Arsenal baş məşqçi Mikel Artetanın rəhbərliyi altında sabit inkişaf xətti nümayiş etdirərək ötən mövsüm uzun illərdən sonra İngiltərə çempionluğunu qazanıb. Komanda yeni mövsümdə də geniş heyət imkanları və güclü transfer siyasəti ilə favoritlər sırasında göstərilir.

Çempion “Arsenal” titulunu qorumağa çalışacaq

Arsenal yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün mühüm addımlar atıb.

London klubu bütün turnirlərdə mübarizə aparmaq üçün daha dərin heyət formalaşdırmağa çalışıb. Komandanın yeni transferlərinin qısa müddətdə uyğunlaşması və mövsüm öncəsi oyunlardakı nəticələri rəqiblərə ciddi mesaj kimi qiymətləndirilir.

Xüsusilə yarımmüdafiədə Bruno Gimaraeş, müdafiədə Piero Hinkapi və hücum xəttində Kristos Tzolis kimi futbolçuların komandaya əlavə güc qatacağı gözlənilir.

Arsenalın “Mançester Siti” ilə keçirilən “Community Shield” qarşılaşmasında 3:0 hesablı qələbə qazanması da mövsüm öncəsi diqqət çəkən məqamlardan biri olub.

Qvardioladan sonra “Mançester Siti”də yeni dövr

Premyer Liqada yeni mövsüm həm də böyük dəyişikliklə başlayır.

2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edən və klub tarixində böyük iz buraxan Pep Qvardiolanın ayrılmasından sonra İngiltərə futbolunda yeni mərhələ başlayacaq.

Yeni mövsümdə “Mançester Siti”, “Çelsi” və “Liverpul” daxil olmaqla 9 komanda yeni baş məşqçilərlə mübarizə aparacaq.

Komandalara rəhbərlik edəcək yeni çalışdırıcılar arasında Marko Roze (“Bornmut”), Xabi Alonso (“Çelsi”), Pyer Saj (“Kristal Pelas”), Alvaro Arbeloa (“Fulhem”), Qari O’Nil (“İpsviç Taun”), Andoni İraola (“Liverpul”), Enzo Mareska (“Mançester Siti”), Matthias Yaissle (“Nyukasl Yunayted”) və Oliver Qlasner (“Nottingem Forest”) yer alır.

Klublar transferlərə 2 milyard funt xərclədi

Premyer Liqa komandaları yay transfer dönəmində təxminən 2 milyard funt sterlinq xərcləyib.

Ən böyük sərmayə isə yarımmüdafiə xəttinə qoyulub. Çempionluq uğrunda mübarizə aparmaq istəyən komandalar bu mövqeyə təxminən 500 milyon funt ayırıblar.

“Çelsi” Morqan Rocersi, “Mançester Siti” Elliot Andersonu, “Arsenal” Bruno Gimaraeşi heyətinə qatıb. Son illərdə aşağı pillələrdə mübarizə aparan “Tottenhem” isə Sandro Tonali və Mateus Fernandeş transferləri ilə güclənib.

Haland tarixi rekora yaxınlaşır

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland yeni mövsümə daha bir rekord hədəfi ilə başlayır.

2023, 2024 və 2026-cı illərdə Premyer Liqanın bombardiri olan Haland bu mövsüm də ən çox qol vuran futbolçu olsa, Tyerri Anri və Məhəmməd Salahın rekorduna şərik olacaq.

Anri “Arsenal”, Salah isə “Liverpul” forması ilə dörd dəfə bombardir olmağı bacarıb.

Haland indiyədək Premyer Liqada keçirdiyi 132 oyunda 112 qol vurub.

Premyer Liqada yeni qaydalar tətbiq ediləcək

Yeni mövsümdən etibarən İngiltərə çempionatında bir sıra qayda dəyişiklikləri qüvvəyə minəcək.

Futbolçu aut və ya qapı zərbəsini yerinə yetirməyə 5 saniyədən çox vaxt sərf edərsə, aut digər komandaya verilə və ya hakim künc zərbəsi təyin edə bilər.

Qapıçının zədələnməsi səbəbindən oyunun dayanması zamanı məşqçilər bir dəqiqəlik taktiki fasilədə meydandan kənarda qalacaq futbolçu müəyyən edə biləcək.

Əvəzetmə zamanı yeni daxil olan futbolçu prosesin 10 saniyədən çox çəkməsi halında bir dəqiqə meydan kənarında gözləməli olacaq.

VAR sistemi isə səhvən göstərilən ikinci sarı vərəqələrə müdaxilə edə biləcək.

Liqaya üç yeni komanda qoşulur

Yeni mövsümdə Premyer Liqada “Hull Siti”, “İpsviç Taun” və “Koventri Siti” iştirak edəcək.

“Hull Siti” 10, “Koventri Siti” isə 25 illik fasilədən sonra İngiltərə futbolunun elit səviyyəsinə qayıdıb.

2024-cü ildə Premyer Liqaya yüksəlib, ötən mövsüm aşağı liqaya düşən “İpsviç Taun” isə yenidən yüksək səviyyədə mübarizə aparacaq.

İlk turun oyun cədvəli

21 avqust, cümə

  • Arsenal – Koventri Siti

22 avqust, şənbə

  • Hull Siti – Mançester Yunayted
  • Everton – Kristal Pelas
  • İpsviç Taun – Sanderlend
  • Nottingem Forest – Lids Yunayted
  • Brentford – Tottenhem

23 avqust, bazar

  • Brayton – Aston Villa
  • Mançester Siti – Bornmut
  • Nyukasl Yunayted – Liverpul

24 avqust, bazar ertəsi

  • Fulhem – Çelsi
Bu Xəbəri Paylaş
Şərh edilməmiş