Sosial Şəbəkələrə Sərt Cərimələr Tətbiq Olunacaq

2 Dəq Oxuma Müddəti

Prezident yeni qanun dəyişikliklərini təsdiqlədi

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə, həmçinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara edilən dəyişiklikləri imzalayıb.

Yeni dəyişikliklər yaş məhdudiyyəti tətbiq olunan sosial şəbəkə platformalarının fəaliyyətinə nəzarətin gücləndirilməsini və tələblərin pozulmasına görə ciddi maliyyə sanksiyalarının tətbiqini nəzərdə tutur.

50 min manata qədər cərimə

Qanuna əsasən, tələb olunan məlumatların aidiyyəti dövlət qurumuna təqdim edilməməsi, gecikdirilməsi, natamam və ya təhrif olunmuş formada göndərilməsi hallarında:

  • Vəzifəli şəxslər 6 000–7 000 manat,
  • Hüquqi şəxslər isə 15 000–20 000 manat məbləğində cərimələnəcək.

Dövlət qurumlarının sorğularına 5 iş günü ərzində cavab verilmədikdə və ya natamam məlumat təqdim olunduqda isə:

  • Vəzifəli şəxslər 7 000–8 000 manat,
  • Hüquqi şəxslər 25 000–30 000 manat cərimə ödəyəcək.

Uşaqların təhlükəsizliyi ilə bağlı tələblər sərtləşdirilib

Yeni qaydalara əsasən, sosial şəbəkə platformaları aşağıdakı tələblərə əməl etməlidir:

  • fərdi rəqəmsal hesab yaradılarkən qanunla müəyyən edilən yaşın yoxlanılması və texniki təhlükəsizlik mexanizmlərini tətbiq etmək;
  • 16–18 yaşlı istifadəçilərin hesabları üçün əlavə təhlükəsizlik tədbirləri təmin etmək;
  • azyaşlıların həyatına, sağlamlığına, şərəf və ləyaqətinə təhlükə yaradan məzmunların yayılmasının qarşısını almaq;
  • belə məzmun aşkar edildikdən sonra 24 saat ərzində onun platformadan silinməsini təmin etmək;
  • istifadəçilərin şəxsi məlumatlarını reklam və kommersiya məqsədilə istifadə etməmək;
  • yetkinlik yaşına çatmamış şəxslərin və ya onların qanuni nümayəndələrinin müraciəti əsasında şəxsi məlumat və paylaşımların silinməsini təmin etmək.

Bu tələblərin pozulmasına görə:

  • Vəzifəli şəxslər 8 000–9 000 manat,
  • Hüquqi şəxslər isə 35 000–40 000 manat məbləğində cərimələnəcək.

Təkrar pozuntuya görə daha ağır cəza

Qanunda nəzərdə tutulan pozuntular bir il ərzində təkrar törədildikdə:

  • Vəzifəli şəxslər 9 000–10 000 manat,
  • Hüquqi şəxslər isə 45 000–50 000 manat məbləğində cərimə olunacaqlar.

Qanun nə vaxt qüvvəyə minəcək?

Yeni dəyişikliklər rəsmi dərc edildiyi tarixdən 12 ay sonra qüvvəyə minəcək.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş