Omanla ilkin razılaşmalar əldə olunub
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi Hörmüz boğazında kommersiya gəmilərinin hərəkəti ilə bağlı Omanla aparılan danışıqların yekun mərhələyə yaxınlaşdığını açıqlayıb.
Onun sözlərinə görə, tərəflər müzakirə olunan demək olar ki, bütün məsələlər üzrə ilkin anlaşma əldə ediblər.
Qəribabadi vurğulayıb ki, bu razılaşma Hörmüz boğazının açılması anlamına gəlmir. O bildirib ki, bunun üçün ABŞ-ın müharibənin dayandırılması, sanksiyaların ləğvi, blokadanın aradan qaldırılması, dondurulmuş aktivlər və Livanla bağlı öhdəliklərini yerinə yetirməsi vacib şərtdir.
Razılaşma yalnız dəniz marşrutlarını əhatə etmir
İranlı diplomat qeyd edib ki, əldə olunan anlaşma yalnız gəmilərin giriş və çıxış marşrutlarının müəyyənləşdirilməsi ilə məhdudlaşmır.
Onun sözlərinə görə, sənəddə sahilyanı dövlətlərin suverenliyi və təhlükəsizliyinin təmin olunması, Hörmüz boğazının gələcək idarəetmə mexanizmi, İran və Oman arasında birgə koordinasiya mərkəzinin yaradılması, həmçinin boğazdan keçən gəmilər barədə məlumat mübadiləsi də nəzərdə tutulur.
Yeni model hazırlanır
Qəribabadi bildirib ki, hazırda Omanla razılaşdırılan marşrut müvəqqəti xarakter daşıyacaq və təxminən iki-dörd ay müddətində tətbiq oluna bilər.
Onun sözlərinə görə, yeni mexanizm “İslamabad Anlaşma Memorandumu”nun beşinci bəndinin icrası ilə bağlı deyil və son 60 ildə tətbiq olunan sistemdən fərqli yeni model hesab olunur.
İran rəsmisi əlavə edib ki, razılaşma qüvvəyə minərsə, hazırda istifadə olunan müvəqqəti marşrutlar bağlanacaq və gəmilərin hərəkətinin böyük hissəsi İranın ərazi sularından keçəcək.
ABŞ-dan mesajlar gəlib
Qəribabadi bildirib ki, Vaşinqton yeni qarşıdurma mərhələsinin başlanmasından beş gün sonra Tehrana danışıqların bərpası və problemlərin həlli ilə bağlı mesaj göndərib.
O qeyd edib ki, ABŞ-ın göndərdiyi mesajlarda əvvəlki öhdəliklərini yerinə yetirməyə hazır olduğu ifadə olunur.
Bununla yanaşı, iranlı diplomat vurğulayıb ki, Vaşinqtona etimad hələ də formalaşmayıb və ABŞ-ın əvvəlki öhdəliklərini pozması ciddi maneə olaraq qalır.
Tehran: ABŞ-la danışıqlar aparılmır
Qəribabadi son vaxtlar İranla ABŞ arasında birbaşa danışıqlar aparıldığı barədə iddiaları da təkzib edib.
O bildirib ki, Tehran Vaşinqtondan mesajlar alsa da, hazırda iki ölkə arasında heç bir rəsmi danışıqlar keçirilmir.
İran rəsmisinin sözlərinə görə, ABŞ-la mümkün növbəti mərhələyə keçidlə bağlı qərar hələ qəbul edilməyib və məsələ ölkə rəhbərliyi tərəfindən qiymətləndirilir.

