Ailə: Qadağa 2025-ci ilin yayında tətbiq edilib
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə bildirib ki, hazırda 17 yaşı olan böyük oğlunun ölkədən çıxışına məktəbdə baş vermiş dava hadisəsindən aylar əvvəl qadağa qoyulub.
Onun sözlərinə görə, 2025-ci ilin yayında oğlu ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb və ona ölkədən çıxışına qadağa tətbiq olunduğu bildirilib.
Leyla İsmayılzadə qeyd edib ki, həmin dövrdə nə məktəbdə insident baş vermişdi, nə də oğlunun hər hansı cinayət işi üzrə şahid qismində ifadəsi alınmışdı. O, bunu ailənin uzun müddətdir nəzarətdə saxlanıldığının göstəricisi kimi qiymətləndirib.
Məktəb hadisəsi ilə bağlı cinayət işi davam edir
Hazırda Taleh Bağırzadənin 15 və 17 yaşlı oğulları Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli tam orta məktəbdə baş vermiş əlbəyaxa dava ilə bağlı cinayət məsuliyyətinə cəlb ediliblər.
Leyla İsmayılzadənin sözlərinə görə, təxminən iki-üç həftə əvvəl Xəzər Rayon Polis İdarəsində cinayət işinin materialları ilə tanış olarkən müdafiə tərəfi istintaqın nəticələrinə etiraz edib. O bildirib ki, vəkil tərəfindən əlavə araşdırmalar aparılması üçün vəsatətlər verilsə də, indiyədək onlara cavab təqdim olunmayıb.
İrəli sürülən ittihamlar
Böyük oğul Məhəmmədhəsən Bağırzadəyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrar törədilən xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Kiçik oğul Məhəmmədhüseyn Bağırzadə isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilir.
Ailə hadisənin gedişatını belə izah edir
Ailənin açıqlamasına görə, hadisə bu il aprelin 7-də məktəbin idman meydançasında başlayıb. Bildirilir ki, yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi mübahisəyə səbəb olub. Məhəmmədhüseyn Bağırzadənin buna etiraz etməsindən sonra gərginlik artıb və mübahisə əlbəyaxa davaya çevrilib.
Ailə qeyd edir ki, Məhəmmədhəsən Bağırzadə qardaşının iki nəfər tərəfindən döyüldüyünü görərək hadisəyə müdaxilə edib. Nəticədə qarşı tərəfdən bir nəfərin burnu sınıb.
Eyni zamanda ailə sosial şəbəkələrdə yayılan, 17 yaşlı Məhəmmədhəsənin bir qızın burnunu sındırdığı barədə məlumatların həqiqəti əks etdirmədiyini bildirir.
Ailə hadisəni təzyiq kimi qiymətləndirir
Bağırzadənin ailəsi hesab edir ki, baş verənlər son dövrlər dindarlara qarşı təzyiqlər fonunda Taleh Bağırzadə və onun ailəsinə yönəlmiş təzyiq xarakteri daşıyır.
Qeyd edək ki, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə 2017-ci ildə dövlətin konstitusiya quruluşunu dəyişməyə cəhd və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və fəaliyyətinin dini azadlıqlar və sosial ədalətin müdafiəsinə yönəldiyini bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatlarının bir qismi onu siyasi məhbus kimi tanıyıb.

