Müraciətlər bu gündən qəbul olunur
Təhsil Tələbə Krediti Fondu 2026–2027-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulunu avqustun 3-dən etibarən açıq elan edib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, müraciətlər e-ttkf.edu.az portalı vasitəsilə həyata keçirilir.
Kimlər müraciət edə bilər?
Qəbul müsabiqəsinin nəticələrinə əsasən magistratura səviyyəsinə qəbul olunan tələbələr, eləcə də ali, orta ixtisas və peşə təhsili müəssisələrinin II və daha yuxarı kurslarında təhsil alan şəxslər sosial və ya standart təhsil tələbə krediti almaq üçün müraciət edə bilərlər.
Bakalavriat və subbakalavr pilləsinə yeni qəbul olunan tələbələr üçün isə müraciətlər ixtisas seçimi başa çatdıqdan sonra açılacaq.
Magistr tələbələr üçün yeni imkan
Magistratura səviyyəsinə qəbul olunan tələbələr portal.edu.az üzərindən qeydiyyatdan keçərkən paralel olaraq e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün də müraciət edə biləcəklər.
Standart kredit üçün minimum bal tələbləri
Qaydalara əsasən, birinci tədris ilinin ilk semestri üzrə standart təhsil tələbə kreditindən yararlanmaq üçün aşağıdakı minimum göstəricilər müəyyən edilib:
- Subbakalavr: minimum 110 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 40 bal;
- Bakalavriat: minimum 250 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 100 bal;
- Magistratura: minimum 50 bal, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə 30 bal;
- SAT nəticələri ilə qəbul olunanlar: minimum 1200 bal;
- Texniki və yüksək texniki peşə təhsili: attestatda müvafiq fənlər üzrə yekun qiymətlərin orta göstəricisi ən azı 3 olmalıdır.
Sosial kredit üçün bal məhdudiyyəti yoxdur
Agentlik bildirib ki, minimal qəbul balı yalnız standart təhsil tələbə kreditlərinə şamil edilir. Sosial təhsil tələbə kreditləri üçün isə belə bir bal tələbi tətbiq olunmur.
Bakalavriat və subbakalavr səviyyəsinə yeni qəbul olunan tələbələr ixtisas seçimini tamamladıqdan sonra ali təhsil müəssisəsinə qeydiyyat zamanı eyni vaxtda təhsil tələbə krediti üçün də elektron qaydada müraciət edə biləcəklər.

