SEPAH-dan Əl-Əzraq bazası ilə bağlı açıqlama
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya xalqına ünvanladığı bəyanatda ABŞ-ın ölkədə yerləşən Əl-Əzraq aviabazasının hədəfə alındığını bildirib.
SEPAH bəyanatda İordaniyada bəzi ictimai və siyasi dairələrin mövqeyini yüksək qiymətləndirdiyini qeyd edərək, onların açıqlamalarının ABŞ-ın fəaliyyət imkanlarını məhdudlaşdırdığını bildirib.
ABŞ-ın hava hücumu ilə bağlı məlumatlar səsləndirildi
SEPAH-ın açıqlamasına görə, ABŞ hərbçiləri həmin gün səhər saatlarında İordaniyadakı bazalardan istifadə edərək İranın Qeşm adasında yerləşən iki yaşayış evinə bunker əleyhinə bombalarla hava zərbəsi endirib.
Bəyanatda qeyd olunur ki, hücum nəticəsində bir ailənin ata, ana və övladlarından biri həlak olub, iki azyaşlı uşaq isə yaralanıb.
“Üç F-35 tam məhv edilib”
SEPAH bildirib ki, bu hücuma cavab olaraq onun Aerokosmik Qüvvələri Əl-Əzraq aviabazasında ABŞ-a məxsus F-35 qırıcılarının saxlanıldığı anqar və texniki xidmət obyektlərinə zərbə endirib.
Bəyanatda üç F-35 qırıcısının tam məhv edildiyi, daha üç təyyarənin isə ciddi zədələndiyi qeyd olunur.
SEPAH həmçinin hücum zamanı ABŞ ordusunun bir sıra zabitlərinin, texniki heyətinin və təmir qruplarının üzvlərinin öldürüldüyünü də irəli sürüb.
Mübarizənin davam edəcəyi bildirildi
SEPAH bəyanatında regionda ABŞ hərbi qüvvələrinin mövcudluğunu tənqid edərək, mübarizənin “İslam torpaqlarından son ABŞ hərbçisi çıxarılanadək davam edəcəyini” bəyan edib.
İran tərəfi son həftələrdə İordaniyada yerləşən ABŞ hərbi bazalarına hücumların intensivləşdirildiyini, həmin bazaların ABŞ-ın regiondakı əsas komanda mərkəzlərindən biri olduğunu qeyd edir.
ABŞ və ya İordaniya rəsmiləri isə bu xəbərin yayımlandığı vaxta qədər SEPAH-ın irəli sürdüyü açıqlamalarla bağlı rəsmi təsdiqedici açıqlama verməyiblər.

