İlham Əliyev Məhkəməsiz Sayt Bloklanmasına Yol Açan Qanunu Təsdiqlədi

2 Dəq Oxuma Müddəti

Saytlara giriş icra hakimiyyətinin qərarı ilə məhdudlaşdırıla biləcək

Prezident İlham Əliyev Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləyə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən, qanunla yayılması qadağan edilən müəyyən məlumatların yerləşdirildiyi internet resurslarına və ya onların müvafiq bölmələrinə giriş məhkəmə qərarı olmadan, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti məhdudlaşdırıla biləcək.

Hansı məlumatlar məhdudlaşdırma üçün əsas sayılacaq?

Qanuna görə, narkotik vasitələrin hazırlanması və istifadəsi ilə bağlı məlumatlar, təhqir və böhtan xarakterli materiallar, şəxsi həyatın toxunulmazlığını pozan informasiyalar, eləcə də insanların həyatı, sağlamlığı, ictimai təhlükəsizlik və mühüm infrastruktur obyektləri üçün təhlükə yarada biləcək “yalan məlumatlar” məhdudlaşdırma tədbirlərinin tətbiq oluna biləcəyi kateqoriyalara daxil edilir.

Bununla yanaşı, Nazirlər Kabinetinə süni intellekt texnologiyalarından istifadə etməklə qadağan olunmuş məlumatların avtomatik aşkarlanmasını təmin edəcək “Yayılması qadağan edilən informasiyaya nəzarət” informasiya sisteminin yaradılması ilə bağlı yeddi ay ərzində təklif hazırlamaq tapşırılıb.

Hüquqşünas: “Normada geniş şərh riski var”

Hüquqşünas Fariz Namazlı hesab edir ki, qanunda istifadə olunan “yalan məlumat”, “ictimai təhlükəli nəticələrə səbəb ola biləcək məlumat”, “təhqir və ya böhtan xarakterli məlumat” kimi anlayışlar kifayət qədər konkret müəyyən edilmədiyi üçün onların geniş şərh olunması mümkündür.

Onun sözlərinə görə, məhkəmə qərarı olmadan inzibati orqanın qərarı ilə saytların bloklanması qərarın obyektivliyi və proporsionallığı ilə bağlı suallar yaradır. Hüquqşünas bildirir ki, belə mexanizm həm media qurumlarında hüquqi risklərlə bağlı narahatlığı artıra, həm də özünüsenzuraya səbəb ola bilər.

Namazlı əlavə edib ki, qeyri-müəyyən hüquqi anlayışlar araşdırma jurnalistikası və tənqidi materialların sonradan “yalan məlumat” kimi qiymətləndirilməsi riskini də yüksəldə bilər.

AİHM əvvəllər də pozuntu müəyyən etmişdi

Azərbaycanda internet resurslarının bloklanması praktikası əsasən 2017-ci ildən tətbiq olunur. 2024-cü il iyunun 13-də Avropa İnsan Hüquqları Məhkəməsi 2017–2018-ci illərdə bir sıra media resurslarının bloklanması ilə bağlı iş üzrə ifadə azadlığının pozulduğu qənaətinə gəlib.

Hazırda da bir neçə müstəqil media resursuna ölkə daxilindən giriş məhdud olaraq qalır.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş