Hesabat: ABŞ-ın “Patriot” və THAAD Ehtiyatı Kritik Həddə Enib

2 Dəq Oxuma Müddəti

CSIS: Raket ehtiyatlarının azalması ciddi risk yaradır

ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) yayımladığı hesabatda ölkənin son dövrdə hava hücumundan müdafiə üçün istifadə etdiyi raketlərin sürətlə tükəndiyini bildirib.

Hesabatda qeyd olunur ki, son hərbi əməliyyatlar zamanı ələkeçirmə raketlərinin intensiv istifadəsi yaxın və orta perspektivdə ABŞ-ın, xüsusilə də Qərbi Sakit okean bölgəsində Çinlə mümkün qarşıdurmaya hazırlıq səviyyəsinə mənfi təsir göstərə bilər.

Müdafiə büdcəsində rekord vəsait tələb olunur

CSIS-in qiymətləndirməsinə görə, Prezident Donald Tramp administrasiyasının 2027-ci maliyyə ili üçün müdafiə büdcəsində sursatlara 95 milyard dollar, əlavə hərbi xərclər üçün isə 21 milyard dollar ayırmaq istəyi yaranmış vəziyyətin ciddiliyini göstərir.

Hesabat müəllifləri hesab edirlər ki, bu vəsait ilk növbədə sursat ehtiyatlarının bərpasına yönəldilməlidir.

“Patriot” və THAAD raketlərinin sayı kəskin azalıb

CSIS bildirib ki, İranla müharibənin ilk mərhələsində ABŞ ordusu hava hücumundan müdafiə sistemlərindən geniş istifadə edib. Sonradan hərbi əməliyyatların yenidən başlaması raket ehtiyatlarının daha da azalmasına səbəb olub.

Hesabatda yer alan məlumatlara əsasən, hazırda:

  • “Patriot” raketlərinin ehtiyatı 1000 ədəddən aşağı düşüb;
  • THAAD raketlərinin ehtiyatı isə təxminən 250 ədəd səviyyəsindədir.

Analitik mərkəz vurğulayır ki, ehtiyatların bu qədər azalması ABŞ və onun müttəfiqlərini raket hücumlarının qarşısının alınması zamanı daha böyük risklər götürməyə məcbur edə bilər.

Alternativ sistemlərin olmadığı bildirilir

CSIS hesab edir ki, ballistik raketlərə qarşı müdafiədə “Patriot”THAAD sistemlərini tam əvəz edə biləcək effektiv alternativ mövcud deyil.

Hesabatda qeyd olunur ki, bu vəzifəni yerinə yetirə bilən “Standard” raketləri ilə təchiz edilmiş ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri isə əksər hallarda hadisələrin baş verdiyi bölgələrdən kifayət qədər uzaqda yerləşir.

Müharibədən əvvəlki ehtiyatlarla müqayisə

CSIS-in təqdim etdiyi rəqəmlərə görə, İranla müharibədən əvvəl ABŞ-ın “Patriot” raketlərinin ehtiyatı 2330 ədəd olub. Atəşkəs dövründə bu göstərici 1030 raketə enib, hazırkı ehtiyatın isə 759–827 raket arasında olduğu təxmin edilir.

THAAD raketləri üzrə isə müharibədən əvvəl 452 raket mövcud idi. Atəşkəsdən sonra ehtiyat 232–262 raketə qədər azalıb. İyulun 27-nə olan hesablamalara əsasən, hazırkı ehtiyatın 234–278 raket arasında dəyişdiyi bildirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş