İnterpolun Axtardığı Azərbaycanlı Ölkəyə Gətirildi

1 Dəq Oxuma Müddəti

Axtarışda olan şəxs Monteneqroda saxlanılıb

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı Hidayət Nemət oğlu Süleymanov Monteneqroda saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Dələduzluqda ittiham olunur

Məlumata görə, Hidayət Süleymanov 2024-cü ildə özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməkdə ittiham olunub.

İstintaqın versiyasına əsasən, o, müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə xeyli miqdarda maddi ziyan vurub. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi aparılır.

Baş Prokurorluğun sorğusundan sonra ekstradisiya edildi

Baş Prokurorluğun ekstradisiya ilə bağlı müraciətindən və Monteneqro tərəfi ilə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana təhvil verilməsi barədə razılıq əldə olunub.

Hidayət Süleymanov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq Baş idarəsinin və Penitensiar xidmətin əməkdaşları tərəfindən Monteneqronun Tivat şəhərindən Azərbaycana gətirilib.

İstintaq təcridxanasına yerləşdirilib

Məhkəmənin həbs qərarına uyğun olaraq, təqsirləndirilən şəxs ölkəyə gətirildikdən sonra müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Ədliyyə Nazirliyi bildirib ki, beynəlxalq hüquqi əməkdaşlıq və ekstradisiya istiqamətində tədbirlər davam etdirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş