Trampa Konqresdən Zərbə: Nümayəndələr Palatası İranla Bağlı Mühüm Qərar Eəbul Etdi

2 Dəq Oxuma Müddəti

Nümayəndələr Palatasında qərar qəbul edildi

ABŞ Nümayəndələr Palatası Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları Konqresin razılığı olmadan davam etdirməsinin qarşısını almağı nəzərdə tutan qərarı təsdiqləyib.

Demokrat konqresmen Pramila Cayapal tərəfindən təqdim olunan sənəd 214 lehinə, 208 əleyhinə səslə qəbul edilib.

Səsvermə zamanı respublikaçı konqresmenlər Tomas Messi, Brayan Fitspatrik, Tom Barrett və Uorren Devidson da demokratlarla birlikdə qərarın lehinə səs veriblər.

Qərar hüquqi baxımdan məcburi deyil

Qəbul edilən sənəd Tramp administrasiyasının İrana yönəlik hərbi siyasətinə qarşı Konqresdən verilən növbəti siyasi mesaj kimi qiymətləndirilir.

Lakin sənəd “paralel qərar” statusu daşıdığı və prezidentin imzasına təqdim olunmadığı üçün hüquqi baxımdan məcburi qüvvəyə malik deyil.

Bu səbəbdən qərar Senatda da qəbul olunsa belə, administrasiyanı hərbi əməliyyatları dayandırmağa hüquqi cəhətdən məcbur etməyəcək.

Senatda da oxşar təşəbbüs müzakirə olunacaq

ABŞ Senatının da Trampın İrana münasibətdə müharibə səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan oxşar təşəbbüsü səsverməyə çıxarması gözlənilir.

Səsvermə İranla əldə edilmiş atəşkəs razılaşmasının pozulmasından sonra regionda gərginliyin yenidən artdığı dövrə təsadüf edib.

Respublikaçılar arasında da narazılıq artır

Son dövrlər demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda prezidentin müharibə səlahiyyətlərinin məhdudlaşdırılması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edirlər.

ABŞ mediasında yer alan məlumatlara görə, davam edən qarşıdurmalar fonunda Respublikaçılar Partiyası daxilində də narahatlıq artır və bu səbəbdən bəzi respublikaçı konqresmenlər demokratlarla eyni mövqedən çıxış edirlər.

Bəzi demokrat qanunvericilər qəbul edilən qərarın hüquqi qüvvəyə malik olduğunu iddia etsələr də, ABŞ məhkəmələrinin müharibə səlahiyyətləri ilə bağlı bu tip qərarların hüquqi təsiri barədə indiyədək qəti presedent formalaşdırmadığı bildirilir.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş