İran mediası yeni hücumlar barədə məlumat yayıb
İranın “Tasnim” xəbər agentliyi bildirib ki, ölkə ABŞ-ın regiondakı hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.
İranın “Fars” agentliyi isə İordaniyada partlayış səslərinin eşidildiyini xəbər verib.
İordaniyadakı ABŞ bazasının hədəf alındığı bildirilib
Məlumata görə, pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar ABŞ hərbi obyektlərini hədəf alıb. Bildirilir ki, İordaniyanın “Əl-Əzraq” hərbi bazasına raket zərbələri endirilib.
Bununla yanaşı, mənbələr Küveyt və İordaniyada da partlayış səslərinin eşidildiyini qeyd ediblər.
Küveytdə neft obyektinə hücum barədə məlumat verilib
Küveyt Neft Korporasiyası açıqlayıb ki, neft obyektlərindən biri hücuma məruz qalıb. Məlumata əsasən, hadisə nəticəsində xəsarət alanlar var və obyektə ciddi maddi ziyan dəyib.
Tehran əməliyyatların ABŞ bazalarına qarşı olduğunu bildirir
İran tərəfi bəyan edib ki, region ölkələrinin xalqlarına qarşı heç bir düşmən münasibəti yoxdur və hədəf yalnız ABŞ hərbi bazalarıdır.
Tehran bu əməliyyatların ABŞ-ın İran ərazisinə və mülki infrastruktura yönəlmiş hücumlarına cavab olaraq həyata keçirildiyini bildirir.
“Nəsr-2” əməliyyatının yeni mərhələsi
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi-Kosmik Qüvvələrinin “Nəsr-2” əməliyyatının 20-ci mərhələsi çərçivəsində İordaniyadakı “Əl-Əzraq” hərbi bazasına raket və pilotsuz uçuş aparatları ilə hücum həyata keçirdiyini açıqlamışdı.
SEPAH bundan əvvəl də Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini bildirmişdi.
İran rəsmiləri son ABŞ hücumlarında Hörmüzqan vilayətində elektrik və su təchizatı obyektlərinin zərər gördüyünü, Cask limanında su təchizatının dayandığını açıqlayıblar.

