Qalibaf memorandumun icrası ilə bağlı açıqlama verib
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf televiziya müsahibəsində ABŞ ilə imzalanmış anlaşma memorandumunun icrası ilə bağlı son vəziyyəti dəyərləndirib.
Onun sözlərinə görə, memorandumun imzalanmasından sonra atılan addımlar arasında Pakistanın baş nazirinin müharibənin başa çatdığını bəyan etməsi və ABŞ Prezidenti Donald Trampın dəniz blokadasının aradan qaldırılması ilə bağlı paylaşımı xüsusi əhəmiyyət daşıyır. Qalibaf bu hadisələrin sənədin əsas müddəalarının həyata keçirilməsinin göstəricisi olduğunu bildirib.
Tehran yekun saziş üçün şərtlər irəli sürür
Qalibaf qeyd edib ki, İran Pakistan və Qətərin vasitəçiliyi ilə memorandumun 13-cü bəndinin icrasını izləyir və bu məqsədlə nəzərdə tutulan dialoq müddətinə sadiqdir.
O vurğulayıb ki, Tehran memorandumun 1, 4, 5, 10 və 11-ci bəndləri tam yerinə yetirilməyənədək yekun razılaşma üzrə danışıqlara başlamayacaq.
Livanla bağlı müddəalar ön plana çıxarılıb
İran rəsmisinin sözlərinə görə, memorandumun əsas bəndlərindən biri Livanda müharibənin dayandırılması, ölkənin suverenliyinin təmin edilməsi və Livan vətəndaşlarının öz yaşayış məntəqələrinə qayıtmasıdır.
Qalibaf bildirib ki, hazırda bütün səylər bu müddəaların tam icrasına yönəlib. O əlavə edib ki, Livanda müharibənin başa çatdırılması prosesinə nəzarət etmək məqsədilə İran, ABŞ və Livanın iştirakı ilə birgə komissiyanın yaradılması planlaşdırılır.
ABŞ-nin son hücumları tənqid olunub
Qalibaf ABŞ-nin İrana qarşı son hərbi hücumlarını memorandumun pozulması kimi qiymətləndirib.
Onun sözlərinə görə, ilk beş bənd tam icra edilmədən Tehran sənədin növbəti mərhələsinə keçməyəcək. İran rəsmisi əldə olunan nəticələrin həm hərbi, həm də diplomatik imkanların uzlaşdırılması sayəsində mümkün olduğunu bildirib.
O, Vaşinqtonun öhdəliklərini yerinə yetirməməsi ehtimalını da istisna etməyib və İranın ABŞ-yə etimad göstərmədiyini vurğulayıb.
Qalibaf əlavə edib ki, əgər ABŞ qarşıdurma yolunu seçərsə, İran da buna cavab verməyə hazırdır.
Hörmüz boğazı və neft ixracı ilə bağlı mövqe
İran parlamentinin sədri bildirib ki, ölkəsi memorandumda nəzərdə tutulduğu kimi Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsinə sadiq qalır.
Bununla yanaşı, o qeyd edib ki, boğazdan rüsumsuz keçid yalnız 60 gün müddətində qüvvədə olacaq. Qalibaf vurğulayıb ki, İran bu strateji su hövzəsindəki hüquqlarından heç bir halda imtina etməyəcək.
Onun sözlərinə görə, əgər məqsəd İranın neft satışının qarşısını almaq olarsa, bu halda regionun enerji bazarından heç bir tərəf faydalana bilməyəcək.
Qalibaf həmçinin bildirib ki, dəniz blokadasının aradan qaldırılmasından indiyədək İran 40 milyondan çox barel neft ixrac edib. O əlavə edib ki, ölkə neftini əvvəlkindən 20 faiz daha yüksək qiymətə satır və əldə olunan gəlirlər ayrılmış maliyyə hesablarına köçürülür.
Dondurulmuş vəsaitlərin bir hissəsinin istifadəsi nəzərdə tutulur
Qalibafın sözlərinə görə, memorandum çərçivəsində İrana məxsus 24 milyard dollar həcmində aktivlərin 12 milyard dollarının İran Mərkəzi Bankının istifadəsinə verilməsi planlaşdırılır.
O bildirib ki, bu vəsait hesabına Mərkəzi Bank dünyanın istənilən ölkəsindən, istənilən valyuta ilə və bazar qiymətləri əsasında zəruri məhsulları əldə edə biləcək.

