İran ABŞ-a Meydan Oxudu: Düşmən Təslim Olanadək Geri Çəkilməyəcəyik

3 Dəq Oxuma Müddəti

Tehran Vaşinqtona sərt xəbərdarlıq etdi

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bazar günü yaydığı bəyanatda ABŞ-la qarşıdurmada geri çəkilməyəcəyini və İran xalqının tələblərinin təmin olunması istiqamətində mübarizənin davam etdiriləcəyini açıqlayıb.

Bəyanatda bildirilib ki, Tehran qarşıdurmanı düşmənin məğlubiyyətinə və İranın irəli sürdüyü tələblərin həyata keçirilməsinə qədər davam etdirmək niyyətindədir.

İran Silahlı Qüvvələri bu mövqeyini “Azadələrin qayıdışı” ildönümü münasibətilə yayımladığı bəyanatda ifadə edib.

“Düşməni diz çökdürdülər”

Bəyanatda İran İslam İnqilabından sonra formalaşan müqavimət xəttinə xüsusi diqqət çəkilib. Qeyd olunub ki, əvvəlki nəslin yaratdığı müqavimət ənənəsi zaman keçdikcə daha da güclənərək yeni nəslə ötürülüb.

İran Baş Qərargahının bəyanatında ölkə gənclərinin dünyanın ən güclü və müasir silahlarla təchiz edilmiş ordularına qarşı dayandığını deyib.

Sənəddə İran qüvvələrinin qarşı tərəfin hərbi və siyasi rəhbərliyini geri çəkilməyə məcbur etdiyi bildirilərək bundan sonra da eyni xəttin davam etdiriləcəyi vurğulanıb.

“ABŞ qarşısında geri çəkilməyəcəyik”

Bəyanatın ən sərt hissəsi birbaşa ABŞ və sionist rejimə ünvanlanıb. İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkə xalqının və rəhbərliyinin tələblərindən imtina edilməyəcəyini bildirib.

“ABŞ-İsrail düşmənlərinin bölgədə tam məğlubiyyətinə, İran xalqının haqqının təmin olunmasına və düşmənin təslim olmasına qədər geri çəkilməyəcəyik”, – bəyanatda qeyd olunub.

Bu açıqlama Tehranla Vaşinqton arasındakı münasibətlərin son dərəcə gərgin olduğu bir dövrdə verilib.

İran hərbi təzyiq qarşısında geri addım atmayacağını bildirir

Tehranın mövqeyinə əsasən, ABŞ-ın hərbi və iqtisadi təzyiqləri İran rəhbərliyinin müəyyən etdiyi siyasi və hərbi xəttin dəyişməsinə səbəb olmayacaq.

İran tərəfi xüsusilə ölkənin suverenliyi, təhlükəsizliyi və regional mövqeyi ilə bağlı tələblərini “qanuni hüquqlar” kimi təqdim edir və bu məsələlərdə güzəştə getməyəcəyini vurğulayır.

Bəyanat həssas vaxtda yayıldı

İranda “Azadələr” adlandırılan keçmiş hərbi əsirlərin ölkəyə qayıtmasının ildönümü fars təqvimi ilə 26 mordad tarixinə təsadüf edir. Bu tarix avqustun 16-17-nə uyğun gəlir.

Həmin gün keçmiş İraq hakimiyyətinin həbsxanalarında saxlanılan iranlı hərbi əsirlərin ilk qrupunun ölkəyə qayıtması ilə əlaqələndirilir.

İran Silahlı Qüvvələrinin builki bəyanatı isə əvvəlki illərlə müqayisədə daha gərgin regional şəraitdə səsləndirilib.

Kövrək atəşkəs fonunda yeni mesaj

Açıqlama İranla ABŞ arasında mövcud kövrək atəşkəs fonunda verilib. Qarşıdurma fevralın 28-də başlayan ABŞ-İsrail hücumlarından sonra genişmiqyaslı hərbi mərhələyə keçmişdi.

Hazırda tərəflər arasında atəşkəs qüvvədə olsa da, İran limanları və sahilləri ətrafında ABŞ-ın tətbiq etdiyi məhdudiyyətlərin davam etdiyi bildirilir.

Tehranın son bəyanatı İran rəhbərliyinin mövcud qarşıdurmanın bitdiyini hesab etmədiyini göstərir. Silahlı Qüvvələrin Baş Qərargahı ABŞ və İsrail qarşısında geri çəkilməyəcəyini və İranın tələbləri təmin olunana qədər təzyiq xəttini davam etdirəcəyini açıq şəkildə bəyan edib.

Bu Xəbəri Paylaş
Şərh edilməmiş